logo

Samir Şərifov: "Hökumət tərəfindən müəyyən antiinflyasiya tədbirləri hazırlanır"

14:58 23-06-2022 | icon 3297
Samir Şərifov: "Hökumət tərəfindən müəyyən antiinflyasiya tədbirləri hazırlanır"

İnflyasiya təkcə Azərbaycanın problemi deyil, bu, artıq qlobal problemə çevrilib. Qlobal miqyasda inflyasiya təzyiqlərinin artması, enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi ilk olaraq neft və qazın qiymətlərinin artması ilə başlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, qaz müxtəlif gübrə məhsullarının buraxılması üçün əsas xammaldır: “Gübrə qiymətləri dünya miqyasında artmağa başladı, hətta qıtlıq da yaranmışdı. Nəticə etibarilə gübrə və enerji daşıyıcılarının qiymətlərinin artması ərzaq məhsullarının qiymətinin yüksəlməsinə gətirib çıxardı. İlk növbədə, taxılın, buğda qiymətlərinin artımı müşahidə olunur. Digər tərəfdən regionda baş verən hadisələr şübhəsiz ki, müəyyən nəqliyyat, logistikada olan mövcud problemləri daha da artırıb. Bu da qiymətlərin artımına təsir göstərib. Xarici faktorlardan formalaşan qiymət artımları Azərbaycana da sirayət edib”.

S.Şərifov qeyd edib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq hökumət tərəfindən müəyyən antiinflyasiya tədbirləri hazırlanır və həyata keçirilir. Bu tədbirlərin əksər hissəsi Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə mövcud gömrük rüsumları və müəyyən vergilərin aradan qaldırılması ilə bağlıdır. Bununla əlaqədar müəyyən qərarlar qəbul edilir. Bu qərarların nəticəsində bir sıra məhsulların qiymətinin artımını aradan götürməklə bahalaşmanın qarşısı alınacaq. Digər tərəfdən müvafiq orqanlara tapşırıqlar verilib ki, qiymətlərin artımından sui-istifadə hallarının qarşısı alınsın və bu istiqamətdə işlər aparılır. Eyni zamanda, sahibkarlarla maarifləndirici tədbirlər həyata keçirilir.

“Dövlətimizin başçısının tapşırığına əsasən, ötən il büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının 20 faiz artırılması ilə bağlı sərəncamlar imzalanıb, eyni zamanda, pensiyaların indeksləşdirilməsi istiqamətində addımlar atılıb. İndeksləşmə məbləğinin qanunvericiliyə uyğun olaraq az olmasını nəzərə alaraq, Prezident İlham Əliyev tərəfindən pensiyaçılara əlavə maddi yardımın göstərilməsi barədə qərar qəbul edilib. Bu tədbirlərlə hökumət çalışır ki, inflyasiya təzyiqləri bir qədər azalsın. Ərzaq məhsullarının qiymətinin artırılmasını nəzərə alaraq, cari ildə dövlət büdcəsində dəyişikliklərin edilməsi çərçivəsində 193 milyon manat məbləğində vəsaitin ərzaq təhlükəsizliyi üzrə ehtiyatın yaradılması üçün ayrılması nəzərdə tutulub. Bu sahədə əlavə çevik tədbirlər həyata keçiriləcək”, - deyə nazir diqqətə çatdırıb.