logo

Sabah Madriddə iddiaçılar turniri start götürür

15:55 16-06-2022 | icon 4690
Sabah Madriddə iddiaçılar turniri start götürür

İyunun 17-də İspaniyanın paytaxtı Madriddə iddiaçılar turniri start götürəcək.

 YeniAvropa xəbər verir ki, yarışda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov da iştirak edəcək.

Qeyd edək ki, T.Rəcəbov turnirdə FİDE-nin ona təqdim etdiyi “Wild Card” (FİDE-nin xüsusi dəvəti) sayəsində çıxış edəcək.

Xatırladaq ki, 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu yarışda iştirakı alınmamışdı. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

İyunun 17-də start götürəcək iki ilin ən böyük yarışında T.Rəcəbovun rəqibləri çinli Dinq Liren, Fransanı təmsil edən Əlirza Firuzca, amerikalı şahmatçılar Fabiano Karuana və Hikaru Nakamura, FİDE-ni təmsil edəcək son iddiaçılar turnirinin qalibi Yan Nepomnyaşi, macar Riçard Rapport və polyak Yan-Kşıştof Duda olacaqlar. Dairəvi sistem üzrə keçiriləcək yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. İlk turda Teymur Rəcəbovun rəqibi Əlirza Firuzca olacaq.