“Azərbaycan Hava Yolları” QSC-nin törəmə müəssisəsi “Buta Airways” Rusiyanın Ufa şəhərinə və geriyə uçuşları bərpa edir.
YeniAvropa xəbər verir ki, bu barədə “Buta Airways” şirkəti məlumat yayıb.
Bildirilib ki, aviaşirkət 3 iyuldan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Ufa şəhərinə reyslər yerinə yetirməyə başlayacaq. Bakı-Ufa-Bakı istiqaməti üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Həmçinin xatırladaq ki, “Buta Airways” aviaşirkəti 15 iyundan etibarən həftədə iki dəfə olmaqla Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
“Buta Airways” aviaşirkətinin Rusiya şəhərlərinə planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, habelə aviaşirkətin .butaairways.az rəsmi saytında satışdadır.
Bu reyslərə qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Rusiyaya səyahət etməyi planlaşdıran sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətin saytında tanış olmaq olar:
https://www.butaairways.az/az/covid/russia.
Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:
https://www.butaairways.az/az/covid/azerbaijan.