logo

Azərbaycanda dəyəri 2,3 milyard manat olan 51 aqropark yaradılır

11:11 14-06-2022 | icon 11473
Azərbaycanda dəyəri 2,3 milyard manat olan 51 aqropark yaradılır

Hazırda respublikanın 32 rayonu üzrə 239 min 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşmışdır. 44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə Qusar rayonunun, Kuzunqışlaq kəndində yaradılan aqroaparkda meyvə bağlarından məhsul yığımına başlanılması ilə əlaqədar bir qrup media nümayəndəsinin iştirakı ilə təşkil olunan mediaturda məlumat verilib. Bildirilib ki, 300 hektar ərazidə yaradılan aqroaparkda 290 hektar intensiv meyvə bağları salınıb, müasir damlama suvarma sistemi qurulub. Ötən il aqroparkda 17 min 485 ton məhsul əldə edilib. Aqroparka İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 15 milyon manat güzəştli kredit verilib. Bundan başqa, nazirlik tərəfindən verilən investisiya təşviqi sənədi sayəsində sahibkar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 2,86 milyon manat qənaət edib.

200 nəfərin daimi, 150 nəfər isə mövsümi işlə təmin edildiyi aqroparkda 264 hektar alma, 6 hektar gavalı, 19 hektar intensiv gilas bağları salınıb.

Aqroparkda müasir soyuducu anbar, çeşidləmə-qablaşdırma avadanlığı var.

Mediaturda bildirilib ki, aqroparkların yaradılması kənd təsərrüfatı sahəsində elmi yanaşma və qabaqcıl texnologiyanın tətbiqi, məhsuldarlığın artırılması və maya dəyərinin aşağı salınması, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması və ixrac potensialının artırılması ilə yanaşı, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə töhfələr verməkdədir.

Dövlət tərəfindən aqroparkların yaradılmasına və inkişafına dəstək tədbirləri həyata keçirilir. İndiyədək 25 aqroparka bu məqsədlə 184 milyon manat dövlətin güzəştli krediti ayrılıb, o cümlədən 26-na investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 milyon manat qənaət (gömrük rüsumu və ƏDV) edib.

Hazırda aqroparklarda ümumi olaraq 4500-dək işçi daimi, 6300-dən çox işçi isə mövsümü çalışır.