logo

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb

21:51 13-06-2022 | icon 6643
Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.

YeniAvropa xəbər verir ki, baş məşqçi Canni De Byazinin yetirmələri Bakıda Belarus seçməsini qəbul edib.

Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Bəhlul Mustafazadə, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Abbas Hüseynov, Eddi İsrafilov, Bədavi Hüseynov, Cəlal Hüseynov və Riçard Almeyda yer alıblar.

Belarus yığmasının heyətində meydana Pavel Pavlyuçenko, Kirill Peçenin, Valeri Boçerov, Ruslan Xadarkeviç, Vladislav Malkeviç, Sergey Politeviç, Qleb Şevçenko, Maks Ebonq, İvan Bahar, Yevgeni Yablonski və Vladislav Klimoviç çıxıblar.

“Dalğa Arena”da oynanılan qarşılaşmanı yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan millimiz matçın 76-cı dəqiqəsində istəyinə çatıb. Millimizin üzvü Mahir Emreli fərqlənərək matçda hesabı açıb. Matça əlavə olunmuş vaxtda Ramil Şeydayev rəqib qapısına yol taparaq hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, Azərbaycan millisi 2:0 hesablı qələbə qazanıb.

Komandalar arasında ikinci tura təsadüf etmiş ilk matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, üçüncü turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, üçüncü turda Qazaxıstanla heç-heçə edib - 1:1.

Hazırda Qazaxıstan yığması 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Azərbaycanın 4, Belarusun isə 2 xalı var.