logo

Hələ deyiləsi sözümüz var-Azərbaycan millisinin baş məşqçisi

14:12 10-06-2022 | icon 86681
Hələ deyiləsi sözümüz var-Azərbaycan millisinin baş məşqçisi

Mini-futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyevin KİV-ə müsahibə verib. 

YeniAvropa həmin müsahibəni təqdim edir:

- Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yerli komandanı məğlub edərək, yarımfinala yüksəlmisiniz. Təəssüratlarınız necədir?

- Oyunların hamısı çətin keçdi. Uşaqların hamısı yaxşı oyun nümayiş etdirdilər. Yerli komanda olduğundan, Slovakiya ilə 1/4 final qarşılaşmamız daha çətin alındı. Hakimlərin, tamaşaçıların və keçirilmə məkanının təzyiqi istər-istəməz fərqli idi. Sevinirik ki, çətin işin öhdəsindən gələ bildik. Qazaxıstanla bugünkü oyun da çətin olacaq. Lakin Qazaxıstanı da yenərək, finala yüksəlmək, xalqımıza həlledici oyun həyəcanı yaşatmaq istəyirik.

- Yarışa getdiyiniz vaxt qarşınıza ən azı yarımfinaladək yüksəlməyi hədəf qoymuşdunuz, yoxsa pillə-pillə irəliləməyi düşünürdünüz?
- Əsas məqsədimiz qrupdan çıxmaq idi. Yarış öncəsi bildirmişdim ki, bunu bacarsaq, yarımfinaladək irəliləmək şansımız daha çoxdur. Bura qədər gəlmişiksə, fikrimiz dayanmaq yox, daha irəli getməkdir. Bir sözlə, finalda oynamaq istəyirik.

- Belə demək olarmı ki, mərhələ keçdikcə sizə əlavə güc, motivasiya gəlir?
- Əlbəttə, oyundan-oyuna özünəinam daha da artır, futbolçuları yeni sistemə uyğun oynatmağa başlayır, tempi daha da qaldırırıq. Hələlik itkisiz gəlirdik. Bircə Slovakiya ilə görüşdə ən yaxşı oyunçularımızdan biri Vüsal İsayev qırmızı vərəqə aldı. Nəticədə meydana ümumi heyətdən bir nəfər azlıqda çıxacağıq. Belə çempionatlarda heyəti axıradək qorumaq lazımdır. Bunu bacardınsa, deməli, gücün rəqiblərdən artıqdır. Qazaxıstanla oyuna İsayevsiz çıxacağıq. Amma finala vəsiqə məqsədimiz dəyişməyib. Bakıda bura belə bir hədəflə gəlmişdik. Hələlik işimiz plan üzrə gedir.

- Yəni, açıqlamanızda qrupdan çıxmağı hədəflədiyinizi desəniz də, nəzərinizdə finalı tutmuşdunuz?
- Yeni komandayıq, Avropa çempionatında ikinci dəfə iştirak edirik. İllər keçdikcə səviyyəcə yüksələn yığmalardan biri olacağıq. Uşaqların özlərinə inanmaları üçün qrupdan çıxmağı əsas hədəf kimi açıqlamışdıq. İnam, istək olandan sonra komanda da hazır vəziyyətə gəlir. Fiziki durumları da çox yaxşıdır. Bu halda, niyə də irəliləməyək?!

- Oyunçunuzun qırmızı vərəqə almasına səbəb nə oldu?
- Onda heç bir günah yox idi. İsayev arxaya qayıtdığı vaxt rəqib oyunçu özünü yerə atdı. Referi isə epizodu görmədiyi halda, bilmədən futbolçumuza ikinci sarı vərəqəni göstərdi. Elə düşündü ki, futbolçumuz rəqibi vurub. Yerli publikanın da təzyiqi əsasında hakim futbolçumuzu meydandan qovdu. Futbolda belə hallar da olur.

- Oyunçunuza qırmızı vərəqənin göstərilməsinə rəğmən, qarşılaşmanın ardından Slovakiya yığmasının üzvləri hakimlərin üzərinə hücum etdilər. Sizcə, nədən narazı idilər?
- Yəqin ki, hakimlərin onlara daha yaxın olduqlarını fikirləşiblər. Oyun canlı yayımlanırdı, hakimliyi hamı gördü. Yerli azarkeşlər qarşısında Slovakiya yığmasının hədəfi finala vəsiqə idi. Bu mərhələdə dayanacaqlarını gözləmirdilər. Məhz bu amilin təsiri altında hakimə hücum etdilər.

- Azərbaycanda mini-futbolun böyük ənənəsi olsa da, hazırda bu növün Şərqi Avropa ölkələrində inkişaf etdiyi bildirilir. Qazaxıstanı keçəcəyiniz təqdirdə, finalda hansı ölkəni gözləyirsiniz?
- Bugünkü rəqibimiz Qazaxıstan 2017-ci il Avropa çempionatının qalibi olub. Yəni, güclü komandadır. Lakin biz də onlardan zəif deyilik, üstün tərəflərimiz çoxdur. Məncə, digər yarımfinal cütündən Rumıniyanın Bolqarıstanı üstələmə ehtimalı daha çoxdur. Çünki daha təcrübəli komandadır. Düşünürəm ki, Qazaxıstan səddini keçsək, finalda Rumıniya ilə üz-üzə gələcəyik. Məncə, komandamız özünü daha yaxşı tərəfdən göstərəcək. Hələ deyiləsi sözümüz var.

- Avropa çempionatındakı komandaların oyunçularının peşəkar futboldan gəlmə faizlərini, potensiallarını təhlil etmisiniz?
- Hamısını təhlil etmişik. Azərbaycanda başqa cür fikirləşirlər. Amma deyə bilərəm ki, Avropa çempionatında həvəskar futbolçu yoxdur. Hamı öz işinin peşəkarıdır, bu işdən pul qazanırlar. Məsələn, böyük futbolda 20 yaşında ikən işləri alınmayan şəxs mini-futbola gəlir, milli komandada oynayır, maaşını alır. Mini-futbolu 300 - 500 manata oynayan uşaqlar var. Amma buradakı komandaların elə oyunçuları var ki, 3 000 - 5 000 avro maaş alırlar. Onlara həvəskar demək olmaz axı... Məsələn, Rumıniyanın mini-futbol üzrə çempionatı il ərzində davam edir, oyunçuların hamısı maaş alır. Yəni, hədəfləri mini-futbolda uğurlar qazanmaqdır, böyük futbolu ümumiyyətlə fikirləşmirlər. Aralarında gəncləri də var, yaşı 30-u keçənləri də. Böyük futbolda yüksək liqa komandasına düşə bilməyən oyunçu mini-futbola gəlir, burada oynayır və pul qazanır. Bizdəki kimi, "yaşım 40-a çatandan sonra futboldan gedə bilərəm", - deyə düşünmürlər.

- Azərbaycanda mini-futbolda kütləvilik var. Müxtəlif sahələr üzrə, o cümlədən, jurnalistlər arasında yarışlar təşkil olunur. Sizcə belə yarışlardan milli komandaya düşə biləcək oyunçular var, yoxsa əvvəllər böyük futbolda çıxış edənlər arasından seçim edirsiniz?
- Heyətimizdəki 15 oyunçudan 13-ü Alfa Liqasındandır. Aralarında böyük futbol oynamayanları yetərincədir. Elvin Əlizadə, Mirmehdi Rzayev, Vüsal İsayev, Seymur Məmmədov, Rəvan Kərimovu misal göstərə bilərəm. Tural Nərimanov və Bəxtiyar Soltanov böyük futbol oynayıb. Vitali Borisov isə vaxtilə futzalda çıxış edib. Əslində onların hamısı böyük futbol liqalarında oynamalı idilər. Lakin Azərbaycan Premyer Liqası və ya I Divizion klublarına lazım olmadıqları üçün bir neçə il kənarda qalıblar. Halbuki ən azı I Divizionda oynamalı idilər. Biz oynadığımız vaxt belə futbolçuların hamısı böyük futbolda çıxış edir, normal maaş alaraq, ailələrini dolandırırdılar. Limitin tətbiqindən sonra hamısı kənarda qaldılar və heç kimə lazım olmadılar. Biz onları yığıb gətirmişik. Uzun müddət idi heç biri klubda deyildi. Tural Nərimanov neçə ildir hansısa klubda var idimi? Bəxtiyar Soltanov "Sabah" komandasını tərk etdikdən sonra kiməsə lazım olmuşdu? Başqalarına lazım olsaydı, biz onu götürməzdik.

- Ən əsası, milli komanda azərbaycanlı futbolçulardan ibarətdir, legioneriniz yoxdur...
- Bəli. Biri var futbolla məşğul olmayan, biri də var ən azı bünövrəsində futbol oynama bacarığı olan şəxs. Oynamağı bacarmayan şəxsi götürsək, biz nəyə nail ola bilərik? Təməli olan oyunçuları milli komandaya götürərək, onların üzərində işləmişik. Tural və Bəxtiyarın üzərində nə qədər əziyyət çəkmişik. Çünki uzun müddət futbolsuz qalmışdılar. Eləcə də digər oyunçular. Həftədə bir dəfə futbol oynamaqla formaya düşmək mümkün deyil. Gərək daimi məşq edəsən. Elə adamlar üçün başqa yarışlar var.

- Nə təklif edirsiniz: Mini-futbol üzrə peşəkar klubların yaradılmasına ehtiyac varmı?
- Mini-futbol çempionatı yüksək səviyyədə keçirilməlidir. Bu idman növü ilə bağlı beynəlxalq miqyasda da böyük hədəflər var. Mini-futbolun Yay Olimpiya Oyunlarının proqramına salınması da gözlənilir. Oyunlar daha templi, maraqlı keçir, yorucu alınmır, qarşılaşmaları xeyli tamaşaçı izləyir. Məncə, mini-futbol futzaldan da üstündür. İnanıram ki, yaxın vaxtlarda mini-futbol olimpiada proqramına salınacaq. Ona görə də bu işə sıfırdan başlamışıqsa, davam etmək lazımdır ki, gələcəkdə daha da irəlilərdə olaq.

- Ümid etmək olarmı ki, bu nailiyyətiniz gələcəkdə Azərbaycanda mini-futbol üzrə peşəkar klubların yaradılmasına təkan verəcək?
- Ümidimiz budur. Finala çıxsaq, kütləvilik daha da artacaq. Nəticədə onların içərisindən oyunçu seçimi bizim üçün daha rahat olacaq. Digər tərəfdən, ikinci peşə kimi mini-futbol oynamağın nəyi pisdir? Pul qazanırsınız da... Azərbaycanda nə qədər futbolçu var ki, əvəzedici heyətlərdə oynayırlar, limit və digər səbəblərdən əsas komandaya yüksələ bilmədikləri üçün 17-18 yaşlarında böyük futbolu atırlar. Dərslərini də zəif oxuyarlarsa, onlardan nə çıxacaq? Başlayacaqlar avaralanmağa. Ona görə də liqaların sayı artmalıdır ki, kütləvilik çoxalsın, uşaqlarımızı itirməyək. Hazırda elə oyunçumuz var ki, 3-5 il əvvəl bizimlə olsaydı, indi Azərbaycan Premyer Liqasında oynaya bilərdi. Premyer Liqada oynayanların nəyi bunlardan güclüdür? İbrahimoviç böyük futbol oynamağa neçə yaşında başladı? Zaur Ramazanov böyük futbolu atmışdı, futzal oynaya-oynaya böyük futbol millimizədək yüksəldi. Ceyhun Sultanov futboldan uzaqlaşmışdı, futzal oynayırdı. Sonradan futbola qayıdaraq, "Bakı" ilə çempion oldu. Eləcə də Ramazanov "Xəzər Lənkəran"da qızıl medal qazandı. İndi belə şey varmı? Futboldan bir il uzaq qalan kimi heç kimə lazım olmursan. /Report