logo

Bakı Enerji Forumunda  20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir

12:12 02-06-2022 | icon 3913
Bakı Enerji Forumunda  20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir

İyunun 2-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda qlobal enerji perspektivləri, “yaşıl enerji”yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.

Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxildir. Plenar iclas “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub.

Forumun proqramına aktual mövzular da daxil edilib. Bunlar qlobal enerji perspektivləri, xalis sıfıra aparan yol, enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensiali, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarin xəritəsi, ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi: yeni yanaşma və yeni texnologiyalar, neft-kimya kompleksinin inkişaf perspektivləri: cari və gələcək layihələr, xüsusi sessiya: “Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi” Dünya Bankının təşəbbüsü ilə Bakı Enerji Forumunun çərçivəsində keçiriləcək.

Forum çərçivəsində Аzərbaycan Dövlət Neft və Sənaye Universiteti və "BP Eksploreyşn Limited" şirkəti arasında bərpaolunan enerji mənbələri üzrə ali təhsil proqramının həyata keçirilməsi ilə bağlı çərçivə sazişinin və bir sıra ikitərəfli sazişlərin də imzalanması nəzərdə tutulub.

Tədbirin məruzəçiləri arasında Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirləri, Moldova və Serbiyanın baş nazir müavinləri, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF), Türkiyənin energetika nazirinin müavini; ABŞ-ın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələri, SOCAR, BP, TPAO, "Equinor", "Uniper", "Tenaris", "TotalEnergies", "Masdar", "ACWA Power" və digər enerji sektorunun şirkət rəhbərləri yer alıb.

Həmçinin yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçiriləcək.

Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradacaq.

Qeyd edək ki, forumun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək.

Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə həyata keçirilir.

Səfər sessiyası “Qarabağ regionunda yaşıl enerjinin potensialı və imkanları” mövzusuna həsr olunub. Çıxış edənlər arasında SOCAR, BP, "Masdar", "ACWA Power", "TotalEnergies" kimi şirkətlərin nümayəndələri var.