logo

Siyasi dialoq: Ədalət Vəliyev Gələcək Azərbaycan Partiyasının sədri ilə görüşüb

15:15 25-05-2022 | icon 1925
Siyasi dialoq: Ədalət Vəliyev Gələcək Azərbaycan Partiyasının sədri ilə görüşüb

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu arasında görüş keçirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə şöbə müdiri ölkəmizdə siyasi dialoq mədəniyyətinin və cəmiyyətin inkişafı naminə həyata keçirilən iqtidar-müxalifət əməkdaşlığının keçmişi, bu günü və perspektivlərindən söz açıb, siyasi tariximizin zənginləşməsində, dövlətçiliyimizin möhkəmlənməsində siyasi partiyaların rolunun önəmli olduğu, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyəti üçün geniş zəmin yaradıldığı, həmçinin siyasi partiyaların qərargahla təmin olunması, qurultaylarının nəticələrinin dövlət qeydiyyatına alınması, fəaliyyətlərinin legitimləşdirilməsi, ölkədə fəaliyyət göstərən dövlət və özəl media resurslarına maneəsiz çıxış imkanlarının yaradılması, ölkədə milli və siyasi həmrəyliyin təmin olunması, yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması və digər məsələlər yeni siyasi konfiqurasiyanın əsas konturları kimi qeyd olunub. Şöbə müdiri, həmçinin əksər siyasi partiyaların sağlam iqtidar-müxalifət dialoqunun və çoxpartiyalı siyasi sistemin inkişafına öz töhfəsini verdiklərini qeyd edib.

Prezident İlham Əliyevin “indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz...Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır” fikirlərinin real nəticələr verdiyinə diqqət çəkən Ədalət Vəliyev bu prosesdə Gələcək Azərbaycan Partiyasının fəal iştirak edəcəyinə əminliyini bildirib.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu öz növbəsində ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, ölkəmizin rifahını və dövlətimizin güclənməsini istəməyən azsaylı radikal şəxslərin arzuolunmaz fəaliyyətindən bəhs edib. Uğurlu xarici siyasət nəticəsində Azərbaycanın dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlərini qoruduğu, beynəlxalq güc mərkəzlərindən gələn təzyiqləri neytrallaşdırdığı və bütün bunların nəticəsində sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevrildiyi qeyd olunub. Bildirilib ki, bu gün ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq, dövlətimizin güclənməsini, xalqımızın sosial rifahının daha da yaxşılaşmasını istəyən hər bir vətənpərvər şəxs Azərbaycanın uğurlarına sevinməli, bu uğurların davamlı olması üçün özü də əlindən gələni əsirgəməməlidir. Bu işdə Gələcək Azərbaycan Partiyası da öz köməyini göstərməyə daim hazırdır.

Sonda tərəflər konstruktiv əməkdaşlığın əhəmiyyətini nəzərə alaraq, bu işi sistemli şəkildə davam etdirmək barədə fikir mübadiləsi aparıblar. Mayın 22-də Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilmiş görüş yüksək qiymətləndirilib, iki ölkə arasında sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılmasını regionda sülhün və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayacağı bildirilib.