Rusiyanın MDB ölkələri vətəndaşlarının pensiya hüququ haqqında sazişdən çıxması indiyədək təyin olunmuş pensiyaların ödənilməsinə təsir göstərməyəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya hökuməti özünün "Telegram" kanalında məlumat yerləşdirib. Rusiya MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin üzvü olan ölkələrin hər biri ilə yeni müqavilələr imzalayacaq. Ölkə sazişdən 2023-cü il yanvarın 1-dən çıxacaq.
Rusiya hökuməti sazişin ləğv edilməsi ilə ölkənin Pensiya Fondunun 2023-2025-ci illərdə 18 milyard rubla yaxın vəsaitə qənaət edəcəyini bildirib.
Qeyd edək ki, MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin iştirakçıları Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Ermənistandır.
Azərbaycan ilə Rusiya arasında bu sahədə ikitərəfli saziş mövcuddur. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” bu ilin aprelində Azərbaycan-Rusiya İqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində imzalanıb.
Sənədi hər iki ölkənin baş nazirlərinin müavinləri, Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir. Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.