logo

İraqdan iki azərbaycanlı uşaq ölkəmizə repatriasiyası edilib

10:59 25-05-2022 | icon 6412
İraqdan iki azərbaycanlı uşaq ölkəmizə repatriasiyası edilib

Mayın 25-də İraq Respublikasının cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş 2 uşağın Bağdad-İstanbul-Bakı marşrutu ilə ölkəmizə repatriasiyası həyata keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, həmin şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş əlaqələndirilmiş və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə, onların Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra Azərbaycan Respublikasının İraq Respublikasındakı səfirliyi tərəfindən onların ölkəmizə repatriasiyası təşkil edilib, o cümlədən uşaqlar Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin ediliblər. Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğu tərəfindən sözügedən şəxslərin hava limanında sürətli keçidi təmin olunub.

Azərbaycan Respublikasına gəldikdən sonra repatriantlar zəruri tibbi yoxlamadan keçirilib, reinteqrasiyası və reabilitasiyası üçün müvafiq müəssisədə yerləşdirilib. Müvafiq prosedurlar tamamlandıqdan sonra onların yaxınlarına təhvil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu günə qədər 288 uşaq və 2 qadın olmaqla, İraqdan ölkəmizə repatriasiya olunmuş Azərbaycan vətəndaşlarının sayı ümumilikdə 290 nəfərə çatıb.