logo

DİN Müsəlman Birliyi Hərəkatının üzvlərinin  saxlanılmasına münasibət bildirib

11:11 24-05-2022 | icon 1435
DİN Müsəlman Birliyi Hərəkatının üzvlərinin  saxlanılmasına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Müsəlman Birliyi Hərəkatının üzvləri Mail Kərimov və Süleyman Ələkbərovun mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında toplaşdıqlarına görə polis əməkdaşları tərəfindən saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmaları və orada təzyiq və təhdidlərə məruz qalmaları barədə iddialarına münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov YeniAvropa-ya açıqlamasında bu iddiaların tamamilə əsassız və yalan olduğunu bildirib. Qeyd edib ki, bir qrup şəxs həmin gün zərurət olmadan məhkəmənin önündə toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneələr yaradıb. Polis əməkdaşları yaxınlaşıb onlardan dağılışmağı və ərazini tərk etməyi tələb ediblər. Mail Kərimov və Süleyman Ələkbərov polisin qanuni tələblərinə riayət etməyərək asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər.

“Dünyanın ən inkişaf etmiş və demokratik ölkələrində belə polis bu cür hallarda mütləq silaha əl atır, müqavimət göstərən şəxsi sərt qaydada zərərsizləşdirərək barəsində ağır cəza tətbiq edir. Lakin bizim polis əməkdaşları hər iki şəxsi ərazi üzrə polis bölməsinə gətiriblər. Orada onlarla profilaktik söhbətlər aparılıb və həmin şəxslər xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Lakin onlar polis bölməsindən çıxdıqdan sonra guya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldıqlarını, orada döyüldüklərini tirajlayıblar.

Adi inzibati qayda pozan şəxs nəinki həmin gün, ümumiyyətlə qeyd olunan baş idarəyə aparılmır. Çünki adından göründüyü kimi, qurum hansısa inzibati xəta törədənlərlə deyil, mütəşəkkil cinayətkarlıqla mübarizə ilə məşğuldur.

O ki qaldı guya onların polis əməkdaşları tərəfindən döyülmələrinə, təhqir edilmələrinə, bunlar tamamilə yalan və uydurma iddialardır. Dərin təəssüf hissi ilə qeyd edirəm ki, Mail Kərimovun və Süleyman Ələkbərovun yalanlarına, polisə şər-böhtan atmalarına özlərini hüquq müdafiəçiləri adlandıran bəzi “hüquqşünas”lar da ortaq olublar və mətbuat konfransı keçirərək media təmsilçilərini də öz cəfəng iddialarına inandırmağa cəhd ediblər. Amma unudurlar ki, belə məqsədli şəkildə, qəsdən uydurulan əsassız iddiaları yaymaq hüquqi məsuliyyət yaradır”.