İranın paytaxtı Tehranda havanın çirkliliyinin 201 mikroqram/kubmetr səviyyəsinə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərin fəaliyyəti dayandırılıb.
YeniAvropa “Haberqlobal”a istinadla xəbər verir ki, Tehran merinin müavini Abid Mələki qeyri-sabit hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə ölkədə fövqəladə vəziyyət elan olunduğunu deyib. Mələki əlverişsiz hava şəraitinə görə uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün xüsusi məktəblərin bağlandığını bildirib.
Yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Tehran dünya şəhərləri arasında havanın çirklənməsinı reytinqdə 12-ci yerdədir. Şəhərin hava sirkulyasiyası üçün yararsız yerləşməsi, nəqliyyatın sıxlığı, köhnə maşınlar və çox istifadə edilən motosikletlərdən çıxan işlənmiş qazlar Tehranda havanın çirklənməsini artıran amillərdən hesab edilir. Tehran sakinləri də şəhərdəki havanın çirklənməsindən əziyyət çəkirlər. Onlar nə vaxtsa bu problemin həll olunacağını gözləyirlər.