Avstraliya hökuməti Ukraynada yaranan vəziyyətə görə “Qazprom” və “Transneft” də daxil olmaqla, Rusiyanın daha 14 müəssisə, təşkilat və kompaniyasına qarşı iqtisadi sanksiyalar tətbiq edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin aprelin 14-də dərc olunan məktubunda deyilir.
Məlumata əsasən, sanksiyalar siyahısına Rusiyanın “Qazprom”, “Transneft” və “Qazprom neft” yanacaq-energetika kompaniyaları, “KamAZ” avtomobil istehsalçısı, almaz hasilatı üzrə “Alrosa” kompaniyalar qrupu və başqaları daxildir.
Avstraliya indiyədək Rusiya və Belarusun 500-dən çox vətəndaşına, o cümlədən hər iki ölkənin prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkoya qarşı sanksiya tətbiq edib. Eyni zamanda, Rusiyanın bir sıra iri müəssisə və təşkilatlarına qarşı iqtisadi məhdudiyyətlər, o cümlədən bu ölkəyə silah, xammal, neft və qaz hasilatı üçün avadanlıqların ixracına, həmçinin bu ölkədən enerji daşıyıcıları və silah idxalına qadağalar tətbiq olunub.