Ukraynada “Müxalıfət platforması – Həyat uğrunda” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukun və onun həyat yoldaşı Oksana Marçenkonun əmlakı həbs olunub.
YeniAvropa Ukrayna mətbuatına istinadla xəbər verir ki, Dövlət təhqiqat bürosunun və baş prokurorun ofisinin təqdimatına əsasən Lvov rayon məhkəməsi Viktor Medvedçuka və xanımına məxsus daha 154 daşınan və daşınmaz əmlakı həbs edib. Onların arasında 26 avtomobil, 30 torpaq sahəsi, 23 ev, 32 mənzil, 17 parkinq yeri və motorlu yaxta var. Məlumata görə, habelə cütlüyün 25 kompaniyanın nizamnamə kapitalındakı payı üzərində də həbs qoyulub.
Xatırladaq ki, Viktor Medvedçuk aprelin 12-də Ukrayna prezidenti Volodimir Zelenskinin tapşırığına əsasən həbs olunub. Bundan sonra Zelenski Rusiyaya siyasətçini əsir düşmüş ukraynalılara dəyişməyi təklif edib.
Qeyd edək ki, iddialara görə Rusiya Viktor Medvedçuku Volodimir Zelenskinin yerinə Ukraynada hakimiyyətə gətirməyə hazırlaşırdı.