logo

Fransa 25 milyard dollardan çox Rusiya aktivlərini dondurub

11:33 13-04-2022 | icon 1974
Fransa 25 milyard dollardan çox Rusiya aktivlərini dondurub

Fransanın Maliyyə Nazirliyi Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibənə başlayandan indiyədək dondurulan 23,7 milyard avro və ya 25,6 milyard dollarlıq Rusiya aktivlərinin siyahısını dərc edib.

YeniAvropa xəbər verir ki, bu barədə "CNN" telekanalı Fransa hökumətinin rəsmi sənədlərinə istinadla məlumat yayıb. Bildirilib ki,  dondurulan aktivlərin 22,8 milyard avro dəyərində olan əsas hissəsi Rusiya Mərkəzi Bankına məxsusdur.

Bundan başqa, “qara siyahıya” Fransanın Antibes, Saint-Jean-Cap-Ferrat və Saint-Tropez kimi nüfuzlu kurortlardakı ünvanlar da daxil olmaqla, ümumi dəyəri 573,6 milyon avroluq 33 mülk daxildir. Həmçinin ümumilikdə 7 milyon avro təşkil edən bank aktivləri, üç yaxta, altı helikopter və üç sənət əsəri də bloklanıb.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən RF-ə qarşı geniş sanksiyalar tətbiq edib və onların siyahısı getdikcə artır.