logo

“Nokia” da Rusiya bazarını tərk edir

12:44 12-04-2022 | icon 1680
“Nokia” da Rusiya bazarını tərk edir

Telekommunikasiya avadanlıqları istehsalçısı “Nokia” kompaniyası Ukrayna ətrafında yaranan vəziyyət səbəbindən Rusiya bazarını tərk etmək qərarına gəlib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə məlumat “Nokia” kompaniyasının press-relizində yer alıb.

“Rusiyada mövcudluğumuz mümkün deyil. Son həftələr tədarükləri və yeni biznes fəaliyyətlərini dayandırmışıq, hazırda məhdud elmi-tədqiqat işlərimizi Rusiyadan kənara çıxarırıq. Artıq Rusiya bazarından çıxdığımızı elan edə bilərik”, - məlumatda belə deyilir.

“2021-ci ildə satışlarımızın yalnız 2 faizdən azı Rusiya bazarında reallaşıb. Digər regionlarda müşahidə olunan yüksək tələbi nəzərə alsaq, qərarın 2022-ci maliyyə ili üçün gözlənilən proqnozlara təsir edəcəyini gözləmirik”, - deyə “Nokia” kompaniyası qeyd edib.

Qərargahı Finlandiyanın Espoo şəhərində yerləşən transmilli “Nokia Corporation” kompaniyası əsasən mobil, stasionar, genişzolaqlı və İP şəbəkələri üçün telekommunikasiya avadanlıqlarının istehsalı ilə məşğul olur.