logo

Bayden Rusiya və Belarusla ticarəti qadağan edən qanunu imzaladı

15:15 09-04-2022 | icon 3556
Bayden Rusiya və Belarusla ticarəti qadağan edən qanunu imzaladı

ABŞ prezidenti Cozef Bayden Ukraynada davam edən müharibə fonunda Rusiya və Belarusla normal ticarət münasibətlərinin dayandırılmasını nəzərdə tutan, həmçinin Rusiyadan enerji daşıyıcılarının idxalını qadağan edən və bir müddət öncə Konqres tərəfindən təsdiqlənən qanun layihəsini imzalayıb.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Bəyanatda Cozef Baydenin hər iki sənədi imzaladığı qeyd edilir.

ABŞ prezidenti hələ mart ayında Rusiyadan enerji idxalını qadağan edən fərman imzalasa da, Konqres tərəfindən qəbul edilən qanun layihəsi mahiyyət etibarilə bu tədbiri kodlaşdırır. Bundan öncə isə Cozef Bayden ABŞ-ın və onun Şimali Atlantika Alyansındakı müttəfiqlərinin Rusiya ilə normal ticarət əlaqələri rejimindən çıxmaq niyyətində olduğunu bildirmişdi.

Normal ticarət əlaqələrinin dayandırılması o deməkdir ki, Rusiya və Belarusdan idxal malları Amerika bazarında ən əlverişli məhsul rejimini itirəcək. Bu rejimin dayandırılması ABŞ administrasiyasına Ümumdünya Ticarət Təşkilatının üzvü olan digər ölkələrlə müqayisədə Rusiya və Belarus məhsullarına daha yüksək rüsumlar tətbiq etməyə imkan verəcək. Qanun 2024-cü il yanvarın 1-dək qüvvədə qalacaq. İzahat sənədlərində, həmçinin qeyd olunur ki, Rusiya və Belarus Ukraynaya qarşı aqressiv hərəkətləri dayandıracağı və müəyyən şərtlər yerinə yetirəcəyi təqdirdə ABŞ prezidenti onlarla normal ticarət əlaqələrini bərpa edə bilər.