Aprelin 6-da Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov İsrailin turizm naziri Yoel Razvazov ilə görüşüb.
YeniAvropa Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən gənclər və idman istiqamətlərində əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir F.Qayıbov qonağa Azərbaycan idmanında son illər görülən işlər və əldə olunan uğurlar barədə məlumat verərək bildirib ki, bu sahədə əməkdaşlıq, xüsusən də, birgə təlim-məşqlər hər iki tərəf üçün faydalı ola bilər. Qeyd olunub ki, Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın genişləndirilməsinə, idman əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsinə ehtiyac var.
Sonda iki ölkə arasında idman sahəsində əməkdaşlıq haqqında “Birgə bəyannamə” imzalanıb. Sənədi Azərbaycan tərəfindən gənclər və idman naziri F.Qayıbov, İsrail tərəfindən isə turizm naziri Y.Razvazov imzalayıblar.