Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.
YeniAvropa xəbər verir ki, bu gün - yarışın son günündə daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq. Belə ki, 3-cü dəfə Avropa çempionatının finalına yüksələn Rafiq Hüseynov (82 kq) həlledici görüşdə gürcü Gela Bolkvadze ilə qarşılaşacaq. Komandamızın digər üzvləri - Murad Məmmədov (60 kq) Razvan Arnaut (Rumıniya) - Helari Maeqisalu (Estoniya) görüşünün qalibi, Həsrət Cəfərov (67 kq) serbiyalı Sebastyan Nadla, Ülvü Qənizadə Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) qarşılaşmasının qalibi ilə bürünc medal uğrunda mübarizə aparacaqlar. Murat Lokyayev isə (97 kq) təsəlliverici görüşdə yunan Laokratis Kesidislə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıblar.
Avropa çempionatına tam heyətlə yollanan sərbəst güləş üzrə yığmamızın 10 üzvündən isə 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq Avropa çempionu olub.
Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medal qazanıb.