logo

Bu gün dünya çempionatının final mərhələsinin püşkü atılacaq

13:13 01-04-2022 | icon 2282
Bu gün dünya çempionatının final mərhələsinin püşkü atılacaq

Bu gün futbol üzrə 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

YeniAvropa xəbər verir ki, Qətərin paytaxtı Dohadakı tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşkdən əvvəl milli komandalar səbətlərə bölünüb. Ev sahibi Qətərlə yanaşı, daha yeddi yığma birinci səbətdə yer alıb.

Mərasimdə püşkü dünya futbolunun tanınmış simalarının da yer aldığı səkkiz veteran oyunçu çəkəcək. Onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də var.

Digər yeddi nəfər isə Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhil (Avstraliya) kimi keçmiş futbolçulardır.

Püşkatmada birinci səbətdə Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya, ikinci səbətdə Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya, üçüncü səbətdə Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis, dördüncü səbətdə Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı və Qana milliləri yer alıb. Digər üç vəsiqənin sahibi pley-off mərhələsində məlum olacaq.

Dünya çempionatının təqvimi matçların stadionları və başlama saatları bilinəndən sonra təsdiqlənəcək. Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha üç komandanın adına iyunda aydınlıq gələcək.

Avropa zonası üzrə Şotlandiya-Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.