Qazaxıstanda fövqəladə vəziyyət rejimi ləğv edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın "TASS" agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, ölkənin bütün ərazisində konstitusiya quruluşu bərpa edilib, lakin bəzi bölgələrdə antiterror əməliyyatı hələ də davam edir.
Xatırladaq ki, yanvarın 5-də prezident Kasım-Jomart Tokayev artan iğtişaşlar və qırğınlar fonunda ölkədə fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb. Rejim yanvarın 19-u yerli vaxtla saat 00:00-dək tətbiq edilib.
Yanvarın 12-də vəziyyət sabitləşdiyi üçün Qərbi Qazaxıstan, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində fövqəladə vəziyyət ləğv edilib. İki gün sonra, yanvarın 14-də prezident Tokayev Çimkent, Şərqi Qazaxıstan, Qaraqanda, Türküstan, Akmola və Kostanay vilayətlərində fövqəladə vəziyyət rejiminin ləğvi barədə fərmanlar imzalayıb.