logo

Korrupsiya İdarəsinin saxta "əməkdaşı" həbs edilib

19:19 14-01-2022 | icon 1806
Korrupsiya İdarəsinin saxta "əməkdaşı" həbs edilib

Özünü Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşlara məxsus pul vəsaitlərini aldatma yolu ilə ələ keçirmiş Abasov Tural Məharət oğlu barəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, istintaqla Tural Abasovun ayrı-ayrı vətəndaşlara özünü Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək guya məhkəmə sistemi, mərkəzi icra hakimiyyəti orqanları və bu kimi digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələrindən istifadə edərək onların məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş yaxınlarının azadlığa buraxılması, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, habelə xəstəliyə və aztəminatlılığa görə müavinət təyin edilməsinə kömək göstərilməsi adı altında həmin şəxslərin ümumilikdə 50 min 800 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, bu qanunsuz hərəkətləri ilə vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlarla Tural Abasova Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə yekun ittiham elan edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.