logo

İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib

10:30 02-12-2021 | icon 3451
İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib

Prezident İlham Əliyev  dekabrın 2-də Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Erol Özvar Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Erol Özvar baş vermiş helikopter qəzası zamanı hərbçilərin həlak olması ilə bağlı dövlət başçısına başsağlığı verib. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd olunub. Erol Özvarın səfərinin bu sahədə əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən ölkəmizdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.