logo

Tağı Əhmədovun daha 2 milyonu
necə batıb?

12:52 21-11-2021 | icon 3283
Tağı Əhmədovun daha 2 milyonunecə batıb?

1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş, bu ilin sentyabrında YAP-ın Yasamal təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılan, ləğv edilmiş MTN-nin rəhbəri olarkən Eldar Mahmudova 3 milyon dollar verib ondan canını qurtara bilmiş Tağı Əhmədovun adı bu dəfə  Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq işində çəkilir.

Doğrudur, Tağı Əhmədov özü birbaşa dələduzluq əməli ilə məşğul olmayıb, indiki halda o, “qurbandır” və sələmə verdiyi milyonlarla manatı geri ala bilməyib. Ondan sələmə  2 milyon manatı biznes adıyla götürüb qaytarmamaqda ittiham olunan Səadət Xəlilov isə deyir ki, ona qarşı irəli sürülən dələduzluq ittihamı yalandır. 

YeniAvropa xatırladır ki, mərmər daşı biznesiylə məşğul olmuş S.Xəlilov məhkəmə qarşısında tək deyil. Sahil Abuşov və Qulu Muxtarov da onunla birlikdə mühakimə olunurlar. Amma digər iki nəfərdən fərqli olaraq, Səadət Xəlilov həbsdədir.

1 milyona 10 min qazanc

23 il elmi-pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən Səadət Xəlilovun sözlərinə görə, Tağı Əhmədov əvvəl 1 milyon manat pula aylıq 10 min manat qazanc istəyib. Bu işdə zərərçəkən qismində tanınan Soltan Əliyev T.Əhmədovun dostudur. Elə S.Xəlilovla keçmiş metropoliten rəisi arasında vasitəçi də o olub: "Soltan dedi ki, Tağı obyektini satır, onun pulunu bizə verəcək. Qazaxıstandan mərmər sifarişləri götürmüşdük, vaxt daralırdı, malı vaxtında çatdırmasaydıq, cərimə ola bilərdi. Soltan məni apardı, Tağı Əhmədovla görüşdük. Harada, kimlərlə işlədiyimlə maraqlandı. Özü də mərmər işiylə məşğul olan bir neçə nəfərin adını çəkdi. Bu sahəni bildiyimə əmin olanda dedi ki, 3 milyon vermək istəyir".

Yaqut daş girov qoyulub

S.Xəlilovun sözlərinə görə, həmin görüşdə 200 min verilib. Bir müddət sonra Soltan Əliyev ona zəng edib deyib ki, üç sellofan torba götürüb YAP-ın Yasamal rayon təşkilatının yanına gəlsin. Ora gəlib Tağı Əhmədovdan daha 1 milyon alıblar. Üçüncü dəfə isə onlara 800 min manat verilib. Amma 1 milyon götürüləndə Əhmədova Elmlər Akademiyasından sertifikatı da olan, bahalı yaqut qaş girov verilib.

S.Xəlilov deyir ki, xaricdəki mallarla bağlı ödənişdə problemlər yarananda onlar da faizləri ödəməkdə çətinlik çəkirdilər. Buna görə artıq söz-söhbət yaranmışdı. Bunu onun qardaşı Maşallah Xəlilov da təsdiqləyir: ""Xətai" metrosu tərəfdə ofisləri vardı, arada ora gedib-gələndə eşidirdim ki, Tağı Əhmədovdan götürülmüş pulun faiz hissəsi ilə bağlı problemlər var".

"Sənin günahın o oldu ki, şantaja keçdin"

Amma zərərçəkmiş Soltan Əliyev deyir ki, Xəlilovun döyülməsinin şahidi olmayıb: "Səadət, sənin günahın o oldu ki, şantaja keçdin. Bununla da böyük səhv elədin və işlər bu yerə gəlib çatdı".

Xəlilov isə onun yalan danışdığını deyir. Onun sözlərinə görə, zərərçəkmiş Əliyev Xətai rayon Məhkəməsində ona qarşı ayrıca mülki iddia da qaldırıb. Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, 1 milyon 92 min manat da faiz pulu tələb edir: "Bəs niyə verilən faizləri saymırsız? Məni sizin yalanlarınıza görə 10 ilə qədər həbs gözləyir. Eybi yox, mən bu 10 ili həbsdə yataram, amma siz bu qədər yalanlarla yata bilməyəcəksiz. Adamın vicdanı olar. Tağı Əhmədova 234 min faiz vermişəm, amma o pulu çıxmırsız, üstəlik, 1 milyon əlavə faiz istəyirsiz...".

Məhkəmə araşdırmaları davam edir.

Təqsirləndirilən üç nəfər CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, Tağı Əhmədovun adı “MTN işi” üzrə zərərçəkən kimi keçirdi. Səbəb isə o idi ki, 2014-cü ildə MTN əməkdaşları general Akif Çovdarovun adından ona xəbərdarlıq mesajları göndəriblər, barəsində çoxlu şikayətlər daxil olduğunu deyiblər və pul verməli olduğunu bildiriblər.  Tağı Əhmədov bu təhdidlərlə bağlı Eldar Mahmudovla danışmaq istəyib, amma dəfələrlə zəng vursa da nazirin köməkçisi və eyni zamanda əmisi oğlu Vüqar Mahmudov onu MTN rəhbəri ilə calaşdırmayıb. Nəhayət 5-6 cəhddən sonra Tağı Əhmədova cavab verib ki, məsələni nazirə məruzə edib. E.Mahmudovun cavabı isə bu olub ki, qoy gedib məsələni Akif Çovdarovla həll etsin.

Bu cavabın ardınca Tağı Əhmədov çıxış yolu olmadığını görərək Akif Çovdarova 3 milyon manat (o zamankı məzənnə ilə) verməyə razılaşıb, pulları dollar, avro və manat qismində şəxsən MTN generalına çatdırıb. Bununla da Mahmudovdan canını qurtara bilib.

Məhkəmədə isə Tağı Əhmədov 3 milyon manatı haradan aldığı haqda suallara belə cavab vermişdi: “40 illik əmək haqqım idi, yığıb saxlamışdım”

Lakin belə görünür ki, Tağı Əhmədovun “40 illik əmək haqqı”nın hamısını qamarlamaq Eldar Mahmudova və Akif Çovdarova nəsib olmayıb. Onun “yastıq altında” yenə milyonları qalıb və bu dəfə sələmçilik fəaliyyəti nəticəsində pulların bir qismini güdaza verib...