logo

Azərbaycan-Gürcüstan diplomatik əlaqələri-29 il 

10:28 18-11-2021 | icon 3878
Azərbaycan-Gürcüstan diplomatik əlaqələri-29 il 

Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin quurlmasının 29-cu ildönümüdür.

YeniAvropa xəbər verir ki, iki ölkə arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin noyabrın 18-də qoyulub.

1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirliyi açılıb.

Azərbaycanın Gürcüstandakı səfiri ötən ilin oktyabrından Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri isə 2018-ci ildən Zurab Pataradzedir.

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu 2010-cu ildən etibarən fəaliyyət göstərir və bu şəhərdə baş konsulumuz Pərviz İsmayılzadədir.

Gürcüstanın Azərbaycanın Gəncə şəhərindəki Baş Konsulu missiyasını isə Nikoloz İaşvili yerinə yetirir. Baş Konsulluq 2013-cü ildə təsis olunub.

Gələn il hər iki ölkədə diplomatik əlaqələrin 30-cu ildönümünə həsr olunan bir sıra tədbirlərin keçiriləcəyi gözlənilir.

Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) ölkənin ikitərəfli münasibətlərinə dair arayış xarakterli məlumatında bildirilib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu ölkə ilə sıx münasibətlər saxlanılır. Qeyd olunub ki, ikitərəfli səfərlərin dinamikası həm qanunverici, həm də icra hakimiyyətləri səviyyəsində aktivdir.

Məlumatda vurğulanıb ki, Azərbaycanla hüquqi baza 100-dən çox ikitərəfli və çoxtərəfli müqavilələri əhatə edir və bu sənədlər əməkdaşlığın praktiki olaraq bütün sahələrini tənzimləyir.

Gürcüstan və Azərbaycan arasında azad ticarət rejiminin, Azərbaycanın Gürcüstanın əsas iri ticari-iqtisadi tərəfdaşı olduğu və Azərbaycan şirkətlərinin qonşu ölkəyə böyük investisiyalar yatırdığı da qeyd olunub.