logo

Vətən müharibəsinin 44-cü günü: Müharibənin bitməsindən 1 il ötür

09:09 10-11-2021 | icon 4074
Vətən müharibəsinin 44-cü günü: Müharibənin bitməsindən 1 il ötür

Ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsinin başa çatmasının bir ili tamam olur.

YeniAvropa xatırladırr ki, hərbi əməliyyatların dayandırılması və Ermənistanın təslim olması  barədə sənəd Azərbaycan ordusunun Şuşanı azad etməsinin ardınca razılaşdırıldı. Belə ki, bir gün əvvəl Şuşanı azad edən Azərbaycan ordusu üçün Xankəndini nəzarət altına almaq artıq həll edilmiş məsələ idi və Qarabağdakı erməni silahlı birləşmələrinin qalıqları-təxminən 15-20 minlik qruplaşma (erməni tərəfinin özünün etiraf etdiyi kimi) faktiki olaraq tam mühasirə vəziyyətinə düşürdü. 

Çünki Laçın-Şuşa-Xankəndi yolu artıq ordumuzun nəzarətində idi və Basarkeçər-Ağdərə-Kəlbəcər yolu isə Murov yüksəkliklərindən müşahidə altına alınmışdı. Belə olan vəziyyətdə hərbi baxımdan düşmənin təslim olmaqdan və Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu qalmırdı.

Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda Rusiyanın “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibədə hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanatın necə razılaşdırıldığına dair bir sıra məqamları açıqlayıb. Prezident bildirib ki, Azərbaycan ordusu Şuşanı tam azad edəndən sonra Rusiya prezidenti Vladimir Putin ona zəng vurub, Ermənistan rəhbərliyinin müharibəni Bakının şərtləri ilə dayandırmağa hazır olduğunu çatdırıb. Və Azərbaycan tərəfinin daha əvvəl irəli sürdüyü şərtlərin qüvvədə olub-olmadığını soruşub. Bu şərtlər isə Azərbaycanın işğal edilmiş ətraf rayonlarının (həmin vaxt ordumuz bu rayonlardan 4-nü, üstəlik keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati ərazisinin bir hissəsini azad etmişdi) boşaldılmasına dair qrafikin təqdim edilməsindən ibarət idi.

Beləliklə, hərbi əməliyyatların dayandırılmasına dair noyabrın 9-da axşam saatlarında razılaşdırılan üçtərəfli bəyanatın bəndlərinə əsasən Ermənistan öz qoşunlarını dekabrın 1-nə qədər Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarmaq öhdəliyini üzərinə götürdü. Azərbaycan Qarabağın ermənilərin nəzarətində qalan hissəsi ilə Ermənistan arasında gediş-gəlişi təmin etmək üçün 5 kilometr enində humanitar dəhliz ayırmağa razılaşdı. Və regiona Rusiyanın sülhməramlı kontingenti yeridildi. Birgə bəyanat humanitar məsələlərin həlli və regionda bütün nəqliyyat kommunikasiyalarının açılması kimi bəndləri də özündə əks etdirirdi. O cümlədən Azərbaycanın Naxçıvan bölgəsinə dəhlizin açılması da orada yer alırdı.

Birgə bəyanatı videokonfrans rejimində Rusiya və Azərbaycan prezidentləri canlı yayımda imzaladılar, amma Ermənistan baş nazirinin bu sənədə hansı şəraitdə imza atdığı bəlli olmadı. Və hələ də bəlli deyil. Daha sonra Azərbaycan prezidenti müharibənin başa çatdığı və Ermənistanın tam təslim olduğu barədə xalqa müraciətlə çıxış etdi. Sənədin imzalanması Moskva vaxtı ilə noyabrın 9-na təsadüf etmişdi, Bakıda isə artıq noyabrın 10-u başlamışdı. Bu səbəbdən Rusiyada həmin birgə sənədi 9 noyabr bəyanatı, Azərbaycanda isə 10 noyabr bəyanatı adlandırırlar.

Birgə bəyanatın imzalanmasından dərhal sonra Rusiya sülhməramlı kontingentinin hissələrinin Çelyabinskdən İl-76 hərbi-nəqliyyat təyyarələri ilə Yerevana, oradan isə Qarabağa daşınması prosesi başladı. Rusiya sülhməramlılarının ilk dəstələri artıq noyabrın 10-da günorta saatlarında Qarabağa çatmışdı və bölgədə sülhyaratma əməliyyatı başlamışdı...

Yerevanda isə noyabrın 9-dan 10-na keçən gecədən etibarən əsl faciə, milli fəlakət və xaos hökm sürürdü. 44 gün ərzində erməni ordusunun “hökmən qələbə qazanacağı” haqda yalanlar eşidən erməni cəmiyyəti üçün bu kapitulyasiya aktı əsl şok effekti yaratmışdı. Məlum olmuşdu ki, 7 minə yaxın əsgər itirən Ermənistan tam təslim olur və Qarabağ birdəfəlik itirilir. Bu xəbəri eşidən qəzəbli kütlə Ermənistan parlamentinə və baş nazirin iqamətgahına hücum çəkdi. 

O zamankı spiker Ararat Mirzoyan kütlə tərəfindən ölümcül döyüldü, Paşinyan özü iqamətgahdan qaçdığı üçün kütlə onu haqlaya bilmədi, amma ofisini darmadağın etdi. Sonradan Paşinyan gileylənirdi ki, etirazçılar onun otağından bir sıra əşyaları, o cümlədən ətirləri götürüblər.

10 noyabr üçtərəfli bəyanatı imzalanarkən Qubadlı və Zəngilan rayonlarının sərhədyanı ərazilərinin bir hissəsi hələ Ermənistan qüvvələrinin nəzarətində qalırdı. Və bəyanatda bu ərazilər haqda heç nə deyilmirdi, nəticədə Azərbaycan cəmiyyətində suallar yaranırdı. Amma dekabr ayında Ermənistan bu ərazilərdən də öz qüvvələrini geri çəkdi və Azərbaycan özünün dövlət sərhədlərini tam bərpa etdi.