logo

Nazir:Neftin qiymətinin 60-70 $ olması Azərbaycan üçün məqbuldur

20:03 03-11-2021 | icon 6811
Nazir:Neftin qiymətinin 60-70 $ olması Azərbaycan üçün məqbuldur

Azərbaycan "OPEC+" istehsalçılarının gələn ay gündəlik xam neft hasilatını 400 min barel artırmaq planını dəstəkləyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Biz hesab edirik ki, bu, sabitliyi qorumaq üçün ən optimal qərar olardı”, - deyə nazir sözlərinə əlavə edib.

O, belə bir artımın bazar dəyişkənliyinin qarşısını almağa kömək edəcəyini bildirib.

Hasilatın daha sürətli artırılması ilə bağlı artan çağırışları şərh edən P.Şahbazov deyib ki, istehsalın artırılması ilə bağlı istənilən qərar iqtisadi səbəblərə və bazarın hərtərəfli araşdırılmasına əsaslanmalıdır. 

Nazir qeyd edib ki, Avropada təbii qazın son yüksək qiymətləri neft məhsullarına tələbi artırsa da, artım hər rüb gündə 300-400 min bareldən çox deyil.

"Biz tələbatda kəskin artım müşahidə etmirik, çünki elektrik enerjisi istehsalçıları təbii qazı əvəz etmək üçün həmişə neft məhsullarını seçmirlər. Onlar həmçinin nüvə enerjisindən və kömürdən istifadə edirlər",-deyə P.Şahbazov qeyd edib.

Nazirin fikrincə, neftin qiymətinin bir barel üçün 60-70 ABŞ dolları civarında olması Azərbaycan,eləcə də dünya iqtisadiyyatı üçün məqbul ola bilər. Qlobal benchmark "Brent" markalı neftin bir bareli hazırda 83 ABŞ dolları ətrafında satılır.

"Bizə çox yüksək qiymətlər lazım deyil. Ola bilsin ki, qiymətlər bu gün bir qədər yüksəkdir, amma gördüyünüz kimi, OPEC+ hər ay hasilatı artırır. Düşünürəm ki, bu, qiymətlərə təsir edəcək”, - deyə Pərviz Şahbazov vurğulayıb.