logo

Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyulub

20:10 26-10-2021 | icon 1617
Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyulub

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

YeniAvropa xəbər verir ki, dövlət başçıları əvvəlcə aqroparkın ərazisində çinar ağacı əkiblər.

Sonra prezidentlər Anadolu Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisinə baxıblar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ön sözünü yazdığı və Anadolu Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını prezident İlham Əliyevə təqdim edib.

Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Dövlət başçıları “Dost Aqropark”ın təməlini qoyublar.

Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

Daha sonra aqroparkda əkinə start verilib.

Prezidentlər “Dost Aqropark”ın fəaliyyətinə xeyir-dua veriblər.

Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. “Dost Aqropark” kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.