logo

İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi

15:51 25-10-2021 | icon 1512
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi

Prezident İlham Əliyev oktyabrın 25-də Özbəkistanın prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:"Hörmətli Şavkat Miromonoviç,

Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə qazandığınız inamlı qələbə ölkənizin rifahı yolunda həyata keçirdiyiniz siyasi xəttin qardaş Özbəkistan xalqı tərəfindən dəstəklənməsinin, əsl lider kimi şəxsinizə bəslənən böyük inam, hörmət və etimadın parlaq təzahürüdür.

Azərbaycan ilə Özbəkistanı xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu sarsılmaz təməllər üzərində qurulmuş əlaqələrimizin, qarşılıqlı faydalı əməkdaşlığımızın hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur.

Əminəm ki, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Özbəkistan dostluğu və strateji tərəfdaşlığı qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da yüksələn xətlə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Şavkat Miromonoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan Respublikasının əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".