logo

İlham Əliyev və xanımı Zəngilanda ictimaiyyətin nümayəndələri ilə görüşüb

12:12 21-10-2021 | icon 1568
İlham Əliyev və xanımı Zəngilanda ictimaiyyətin nümayəndələri ilə görüşüb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan prezident İlham Əliyev deyib: 

"Xoş gəlmisiniz Zəngilana. Uzun fasilədən sonra-27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı Ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qoyuldu. İndi mən “Xoş gəlmisiniz” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz” deyəcəklər.

Prezident İlham Əliyev daha sonra deyib: "Zəngilan doğrudan da çox füsunkar təbiətə malik olan bir diyardır. Mən ilk dəfə Zəngilana keçən ilin sonlarında gəldim, dekabr ayında və o vaxt heyran oldum bu diyara. Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim - bura doğrudan da Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Siz indi görürsünüz, mənfur düşmən demək olar ki, bütün binaları dağıtmışdır. Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq, şanlı Ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda demək olar, düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb.

Amma indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi.

Aprel ayında Ağalı kəndinin təməli qoyuldu. Bu gün mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq.

Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni, bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də, sadəcə olaraq, bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik. Əlbəttə ki, ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq. Bu gün sizinlə bərabər buradayıq. Mən dördüncü dəfədir ki, Zəngilana gəlirəm. Dekabr ayında gəlmişdim, o vaxt vəziyyətlə tanış olduq. Ondan sonra fevral ayında gəlmişdim, o vaxt ermənilər tərəfindən bir çox hissəsi dağıdılmış Bəsitçay qoruğunda çinar ağacları əkdik. Aprel ayında gələndə hava limanının təməli qoyuldu. İndi oraya baş çəkdim, artıq zolağın torpaq işləri hazırlanır. Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur. Bu gün Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər və bizim mövqeyimiz orada bir daha səslənəcək. Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastruktur qurulacaq, paralel olaraq təbiətin qorunması, çayların qorunması. Bilirsiniz ki, Oxçuçayı ermənilər nə günə qoymuşlar. Oxçuçay təbii fəlakət zonasıdır. Oradan götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi normadan bəlkə də 10 dəfə, 20 dəfə artıqdır. Biz bu çayları təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək. Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz olaraq istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik, yaxın gələcəkdə eşidəcəksiniz. Onların bu işdən boyun qaçırmaq cəhdləri demək olar ki, imkansızdır. Çünki hər şey göz qabağındadır. Başqa ölkənin ərazisində qanunsuz işlər görüb, buradan qızılı qanunsuz olaraq daşıyıb və dünya bazarlarında satıb. Biz onlarla əlbir olanları da məsuliyyətə cəlb edəcəyik. Beynəlxalq hüquqşünasları da cəlb etdik.

Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir. Şübhəm yoxdur, bunu sizinlə birlikdə edəcəyik və sizin də məsləhətinizə ehtiyac olacaq. Ona görə ki, baş plan təqdim olunandan sonra gərək ictimaiyyət də öz fikrini desin. Çünki siz - burada yaşamış insanlar yaxşı bilirsiniz, harada nə olub. Yəqin ki, siz də bu dağıntıları görüb yadınıza salırsınız ki, burada nə olub.

Mən birinci dəfə gələndə Mincivana getdim, orada dəmir yolu stansiyasının önündə Azərbaycan xalqına müraciət etdim. Orada demək olar ki, hər şey dağıdılıb. Bir şey yoxdur, dəmir yollarını onlar çoxdan daşıyıb aparmışdılar. O relslərdən tank əleyhinə istehkamlar qurmuşdular. Stansiyanın binası da tamamilə dağılmış vəziyyətdə idi".

Prezident İlham Əliyev daha sonra deyib:"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz torpaqlarımızı onların canı-qanı bahasına işğalçılardan azad etmişik. Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün əməli işlər gedir, bundan sonra da gedəcək. Anım Günündə təşkil olunan yürüş bütün Azərbaycan xalqının birliyini göstərdi, şəhidlərimizin xatirəsinə olan hörmətimizi göstərdi. Yürüşdə aparılan portretlər mənim göstərişimlə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi. Çünki onlar bizimlə olmasalar da, bu Zəfər yürüşünə bizimlə bərabər çıxıblar. Yəni, bütün Azərbaycan o gün orada idi. Onların ruhu bu gün şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz. Onlar da öz həyatlarını Vətənə bəxş etdilər. Mən sizi ürəkdən təbrik edirəm, təşəkkürümü bildirirəm və qucaqlayıram, bağrıma basıram.

 Bu gün yarımstansiyanın da açılışını etdik. Mənə məlumat verildi ki, sovet vaxtında Zəngilan rayonunun ümumi enerji tələbatı cəmi 7 meqavat idi, çünki əhali o qədər də çox deyildi. İndi isə biz gələcək inkişafı nəzərə almaq şərti ilə yarımstansiyanı 50 meqavatlıq etdik. Bir də ki, əhali artıb. İşğala qədər Zəngilan rayonunun əhalisi təqribən 30 mindən bir qədər çox idi. İndi 45 minə çatıb və əminəm ki, zəngilanlıların hamısı gəlib burada, belə bir gözəl yerdə, doğma vətəndə yerləşəcək.

Bu gün tarixi gündür. Tarix həmişə olacaq. 20 oktyabr həm zəngilanlılar üçün, həm bütün xalqımız üçün əbədi bir Zəfər günü kimi qalacaq. Çünki azad edilmiş hər bir şəhərin azad olunma günü tarixi Zəfər günüdür".