logo

Milli Məclisdə Azərbaycan-Pakistan əlaqələri müzakirə olunub

18:43 13-10-2021 | icon 1988
Milli Məclisdə Azərbaycan-Pakistan əlaqələri müzakirə olunub

Oktyabrın 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Səməd Seyidov Azərbaycanla Pakistanı ortaq dəyərlər, qardaşlıq əlaqələri birləşdirdiyini və aramızdakı münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğunu bildirib. Komitə sədri Azərbaycanın Pakistanla münasibətləri daha da inkişaf etdirməyə xüsusi önəm verdiyini vurğulayıb. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlandığı dövrdə də, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı apardığı 44 günlük Vətən müharibəsində də Pakistanın haqq işimizi qətiyyətlə müdafiə etməsini, siyasi və mənəvi dəstək göstərməsini yüksək qiymətləndirib.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Bildirilib ki, hökumətlərimiz və xalqlarımız arasında yaxın əlaqələrin mövcudluğu ali qanunvericilik orqanlarımızın münasibətlərində də öz əksini tapıb. Məhz bu münasibətlərin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin birinci üçtərəfli görüşünün keçirilməsinin, üçtərəfli parlament əməkdaşlıq formatının təsis edilməsinin və Bakı Bəyannaməsinin imzalanmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Milli Məclisin komitə sədri müharibədən sonra regionda yaranan yeni reallıqlar, Azərbaycanın bölgə dövlətlərinə fayda verəcək iqtisadi əməkdaşlıq təklifləri və davamlı sülhün bərqərar edilməsi istiqamətində təşəbbüsləri barədə danışıb.

Səfir Bilal Haye Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, bölgədə yeni inkişaf imkanlarının yaranmasını alqışlayıb.

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, müxtəlif platformalarda siyasi, iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.