logo

Moskvada MDB  təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin  görüşü  keçirilir

16:46 13-10-2021 | icon 1708
Moskvada MDB  təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin  görüşü  keçirilir

Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin XVII iclası keçirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Rusiya prezidenti Vladimir Putin görüş iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Rusiya prezidenti məktubunda Birlik məkanını yeni təhdidlərdən qorumaq üçün MDB kəşfiyyat xidmətlərinin potensialından istifadə etməyə çağırıb.

Müraciətdə qeyd olunur ki, MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri sanballı əməliyyat, texniki və kadr potensialına malikdirlər və bu gün dövlətlərimizin, bütün Birliyin daxili və xarici təhdidlərdən etibarlı şəkildə qorunması üçün, ilk növbədə, beynəlxalq terrorizmə və ekstremizmə, transmilli cinayətkar qruplara, qanunsuz silah alverinə, kibercinayətkarlığa və narkotiklər alverinə, qaçaqmalçılığa və qanunsuz miqrasiyaya qarşı mübarizədə bu güclü potensialdan maksimum istifadə etmək çox vacibdir.

Məktubda deyilir: "Bu vəzifələrin həyata keçirilməsində bütün əsas istiqamətlər üzrə əlaqələndirilmiş, sistemli iş, daimi məlumat mübadiləsi və birgə əməliyyatların həyata keçirilməsi tələb olunur”.

Rusiya Federasiyasının prezidenti görüş zamanı qəbul edilmiş qərarların MDB məkanında sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə, ölkələrimizin bundan sonra da fasiləsiz inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Müşavirədə MDB üzvü olan doqquz ölkənin - Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xüsusi xidmətlərinin nümayəndə heyəti iştirak edir.