logo

Gəncədə dəfn olunmuş 49 naməlum şəhidin qəbri ekshumasiya edilib

11:33 29-09-2021 | icon 4438
Gəncədə dəfn olunmuş 49 naməlum şəhidin qəbri ekshumasiya edilib

Gəncədəki Şəhidlər xiyabanında dəfn olunan naməlum şəhid qəbrləri ekshumasiya edilib.

 YeniAvropa xəbər verir ki, Şəhidlər xiyabanında olan 49 naməlum qəbrlərdən nümunələr götürülüb və daha sonra məzarlar yenidən qapadılıb.

Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələr götürülüb və ekspertizaya aparılıb.

Qeyd edək ki, bu ilin iyununda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizanın aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib. Bununla əlaqədar Bakı Hərbi Məhkəməsi tərəfindən qərarlar qəbul edilib və Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılaraq , məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilib və tibbi-genetik tədqiqat üçün müvafiq nümunələr götürülüb.

Naməlum şəhid qəbrlərinin ekshumasiyası zamanı götürülən nümunələrin qarşılaşdırılması üçün isə itkin düşənlərin yaxın qohumlarından DNT nümunələri götürülüb və həmin DNT nümunələr ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.

Xatırladaq ki, naməlum məzarlar Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aiddir.