logo

Azərbaycan son illərdə Gürcüstana 1,2 milyard dollar sərmayə yatırıb

13:31 18-09-2021 | icon 2359
Azərbaycan son illərdə Gürcüstana 1,2 milyard dollar sərmayə yatırıb

"Azərbaycan son illər ərzində Gürcüstan iqtisadiyyatına 1,2 milyard dollar həcmində sərmayə qoyub. Bunun da 300 milyonu Gürcüstanın qazlaşdırma sahəsinə yönəldilib.

YeniAvropa xəbər verir ki, bu sözləri SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində yeni tikilən idman kompleksinin açılışı mərasimində söyləyib.

Rövnəq Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin strateji tərəfdaş olan Gürcüstan dövləti ilə əlaqələrin inkişafına və bu ölkədə yaşayan soydaşlarımıza daim diqqət göstərdiyini xüsusi qeyd edib. Bildirib ki, bu gün Gürcüstanda Azərbaycan sərmayəsi hesabına həyata keçirilən layihələr bunu bir daha sübut edir.

O deyib ki, bu gün bir sıra ölkələrdə əhalinin təbii qazla təminatında müəyyən çətinliklər mövcuddur. Azərbaycanda əhalinin qazla təminatı 96 faiz, Gürcüstanda 90 faizə yaxındır. Qonşu Rusiya və İranda isə bu göstərici 70 faizə qədərdir.

“Biz bu nailiyyətə Gürcüstan hökuməti ilə birgə əməkdaşlıq və birgə səylərimiz nəticəsində nail olmuşuq”, - deyə R.Abdullayev vurğulayıb.

SOCAR prezidenti sakinləri kənddə yeni idman kompleksinin və futbol meydançasının açılışı münasibətilə təbrik edib. Bu cür idman meydançaları və komplekslərin Gürcüstanda idmanın inkişafına böyük təkan verəcəyini bildirib.