logo

Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib

10:49 18-09-2021 | icon 6335
Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, o, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Xatırladaq ki, Maqsud Mahmudov daha çox "müxalifətin düşməni" kimi yaddaşlarda qalıb. 

Daha əvvəl MTN əməliyyatlarından sonra açılan cinayət işində adı zərərçəkmiş kimi çəkilənlərdən biri də Maqsud Mahmudov idi. Mahmudov iddia edirdi ki, MTN generalı Akif Çovdarov və onun adamlarının qanunsuz hərəkətlərinin qurbanı olub.

Qızıl-brilyant alışı və satışı ilə məşğul olan Mahmudov hədə-qorxu ilə milyonlarının əlindən alındığını iddia edirdi. Lakin məhkəmə yekunda onun mülki iddiasını təmin etməyib.

Bakıda bir neçə lombardın sahibi olan Maqsud Mahmudovun biznes fəaliyyəti də uğurlu deyil. Onun xeyli sayda insana qarşı dələduzluq etdiyi bildirilirdi.Ötən il ölkəni tərk edərək Almaniyaya yollanan Mahmudov daha sonra Ukraynada görünməyə başladı. Bir vaxtlar "İlhamla irəli" şüarı ilə müxalifətin mitinqlərinə qatılan Maqsud Mahmudov bu dəfə Ukraynadan "YouTube" kanalı vasitəsi ilə Azərbaycan iqtidarının qatı tənqidçisinə çevrilmişdi. Hətta prezident İlham Əliyev və xaniminin ünvanına da tənqidi fikirlər səsləndirməklə məşhurlaşmışdı.