logo

İlham Əliyev Macarıstan, Malayziya, Serbiya və  Avstriyaya yeni səfirlər təyin etdi,bir neçə səfir geri çağırıldı

16:06 23-07-2021 | icon 1904
İlham Əliyev Macarıstan, Malayziya, Serbiya və  Avstriyaya yeni səfirlər təyin etdi,bir neçə səfir geri çağırıldı

Prezident İlham Əliyev iyulun 23-də imzaladığı sərəncamlarla bir sıra ölkələrə Azərbaycan Respublikasının yeni fövqəladə və səlahiyyətli səfirlərini təyin edib, eləcə də bir sıra ölkələrdəki sıfirləri geri çağırıb.  

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin  bu gün imzaladığı sərəncamla Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Digər bir sərəncamla isə Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Eyni zamanda dövlət başçısının sərəncamı ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bundan əlavə, prezidentin sərəncamı ilə Qaley Əliyeviç Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin imzaladığı başqa bir sərəncamla İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yeni təyinat alan digər bir diplomatımız isə Kamil Tacid oğlu Xasiyevdır. Prezidentin sərəncamı ilə o, Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Geri çağrılan digər bir səfirimiz Qalib Malik oğlu İsrafilovdur. O,  Azərbaycan Respublikasının Avstriya Respublikasında, Sloveniya Respublikasında və Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən,eləcə də Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. 

Prezidentin bu gün imzaladığı sərəncamla Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Başqa bir sərəncamla isə Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.