logo

Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

11:44 24-06-2021 | icon 2408
Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

2021-ci ilin yanvar-may aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) arasında  ticarət dövriyyəsi 41 %, ixrac isə 40 % artıb.

 YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə məlumat verib.

Nazir Mikayıl Cabbarov vurğulayıb ki, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri yüksək səviyyədədir.

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi sahədə uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edən Azərbaycanın iqtisadiyyat naziri ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunduğunu, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi və Dubayda Azərbaycan Ticarət Evinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, ölkəmiz Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən investisiya forumlarının fəal iştirakçılarındandır.

Görüşdə Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının iqtisadi tərəfdaşlığın inkişafında səmərəli rolu qeyd edilib və qısa müddətdə Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəlinib.

M.Cabbarov rəqəmsal iqtisadiyyat, nəqliyyat-tranzit, alternativ enerji, kiçik və orta biznes, aqrar, turizm və sair sahələr üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, sənaye zonalarına investisiya yatırmağa dəvət edib. Bildirilib ki, hər iki ölkənin Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ölkəmizlə bir sıra sahələrdə uğurlu tərəfdaşlığı vurğulayıb, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətlərini müzakirə ediblər.