logo

Helqa Şmid Qarabağda sülhə nail olmaq üçün ATƏT-in rolunu vacib sayır

17:51 21-06-2021 | icon 4074
Helqa Şmid Qarabağda sülhə nail olmaq üçün ATƏT-in rolunu vacib sayır

Moskvada səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ATƏT-in Qarabağ üzrə Minsk qrupunun işində iştirakına görə Rusiyaya təşəkkürünü bildirib.

YeniAvropa Rusiya mətbuatına istinadla xəbər verir ki, xanım Şmid bu barədə iyunun 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirdiyi danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib. 

H.Şmid deyib: “Biz Minsk qrupunun və onun həmsədrlərinin Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması ilə bağlı işini müzakirə etdik. Rusiyanın bu işi davam etdirməsinə görə ona təşəkkür edirik və ümidvarıq ki, onun iştirakı və işi davam edəcək. Hesab edirik ki, bu, mövqelərin yaxınlaşması, sülhə nail olmaq üçün münasib məkandır”.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov isə ötən gün Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə toxunub. Onun fikrincə, Ermənistanda seçkilərin nəticələrinin Qarabağda vəziyyətə təsirini Ermənistanda yeni hökumət formalaşandan sonra şərh etmək mümkün olacaq.

S.Lavrov deyib: “Seçkilər təzəcə başa çatıb. Onun nəticələrinin yeni şəraitdə siyasi həyata necə təsir göstərəcəyi hələ aydın deyil. Gəlin orada hökumət formalaşana qədər gözləyək”.

XİN başçısı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan bəyanatlarının yerinə yetirildiyini vurğulayıb.