Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında biçilməmiş taxıl sahəsindən başlayıb meşəlik əraziyə keçən yanğın məhdudlaşdırılıb.
YeniAvropa xəbər verir ki, iyunun 17-dən başlayan yanğın nəticəsində 40 hektar biçilməmiş taxıl sahəsi və 9 hektar meşəlik ərazi yanıb.
İlkin olaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.
Yanğın meşəlik ərazinin 3 kilometr dərinliyinədək irəliləyib. Küləkli hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirib. Bu səbəbdən yanğınsöndürmə işlərinə nazirliyin aviasiya dəstəsinin helikopteri cəlb edilib. Yanğını iyunun 18-i günorta saatlarında məhdudlaşdırmaq mümkün olub.
Xaçmazın Niyazabad kəndindəki yanğın isə tamamilə söndürülüb. Burada 10 hektar taxıl sahəsi, 3 hektar isə bələdiyyə fonduna aid meşə sahəsi yanıb.