logo

Əhməd İsmayılov: “Media haqqında” qanun layihəsi ekspertiza mərhələsindədir

18:15 14-06-2021 | icon 1589
Əhməd İsmayılov: “Media haqqında” qanun layihəsi ekspertiza mərhələsindədir

“Media haqqında” qanun layihəsi Azərbaycan prezidentinin müvafiq Fərmanı ilə verilmiş tapşırığa əsasən müvafiq İşçi qrupu tərəfindən hazırlanıb. Qanun layihəsinin hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşdirmənin təşkili, bunun üçün də media reyestrinin formalaşdırılmasıdır.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib: “Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, nəinki çap mediası, eyni zamanda, audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdən keçmiş olmalıdırlar".

Hazırda bu istiqamətdə işin getdiyini qeyd edən Ə.İsmayılov vurğulayıb ki, İşçi qrup tərəfindən qanun layihəsinin ekspertizası yekunlaşdırıldıqdan sonra qısa müddət ərzində parlamentə təqdim olunacaq.