logo

Milli Məclisin deputatları Moskvaya səfərə gedirlər

17:15 14-06-2021 | icon 1722
Milli Məclisin deputatları Moskvaya səfərə gedirlər

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin başçılığı ilə deputatlar Ağalar Vəliyev, Nizami Səfərov, Mixail Zabelin, Elnur Allahverdiyev və Sevinc Hüseynova iyunun 15-dən 17-dək Rusiyanın paytaxtı Moskva şəhərində səfərdə olacaqlar.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, deputatlarımız Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyasının 15-ci iclasında iştirak edəcəklər.

İclasda parlamentlərarası əməkdaşlığın vəziyyəti, gələcək inkişaf istiqamətləri, ali təhsil və elm sahələrində ikitərəfli Rusiya-Azərbaycan əməkdaşlığının tendensiyaları və perspektivləri müzakirə olunacaq, müasir şəraitdə sosial problemlərin həlli istiqamətində təcrübə mübadiləsi aparılacaq. Tədbirdə, həmçinin Üçüncü Avrasiya Qadın Forumuna hazırlıq, Parlamentlərarası Komissiyanın qarşıdakı bir il üçün iş planı və 16-cı iclası ilə əlaqədar məsələlərə də baxılacaq.

Milli Məclisin nümayəndə heyətinin üzvləri iclasda müzakirə ediləcək məsələlərə münasibətlərini bildirəcəklər.