logo

Norveç səfiri ilə Milli Məclisdə görüş

16:04 14-06-2021 | icon 1722
Norveç səfiri ilə Milli Məclisdə görüş

İyunun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı səfiri Erling Sönsberq ilə görüşüb.

 YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Səməd Seyidov səfiri salamlayaraq ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən söz açıb. Səfir ErlingSönsberqin dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrdə əldə edilmiş nəticələrə toxunan komitə sədri təhsil və humanitar sahələrdə əməkdaşlıq layihələrindən bəhs edib.

Komitə sədri daha sonra VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalaşmasını,  müxalifət partiyalarının nümayəndələrinin qanunverici orqanın sədarətində və komitələrin rəhbərliyində geniş təmsil olunmasını qonağın diqqətinə çatdırıb. Bildirib ki, Milli Məclisdə Norveçlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu formalaşdırılıb.

Səməd Seyidov 44 günlük Vətən müharibəsində Azərbaycanın BMT TŞ-nin qətnamələrinə və beynəlxalq hüququn müddəalarına əsasən öz ərazilərini azad etməsindən bəhs edib. Dünya dövlətlərinin, beynəlxalq təşkilatların bu reallıqları qəbul etməsininregionda sülhün və sabitliyin möhkəmlənməsinə əhəmiyyətli dəstək olacağına inam ifadə olunub.

Öz növbəsində Norveçin Azərbaycandakı səfiri Erling Sönsberq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini, bölgədə sülhün və sabitliyin davamı üçün dialoqların qurulmasının, Azərbaycanla Ermənistan arasında problemlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. O, təmsil etdiyi hökumətin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Görüşdə 44 gün davam edən müharibəyə son qoyan üçtərəfli bəyanatda əldə olunan razılaşmaların bölgədə uzunmüddətli sülhün bərqərar olması və gələcək inkişaf üçün möhkəm zəmin yaratdığı bildirilib.Bölgədə sülhün və sabitliyin təmin olunması üçün problemlərin  və fikir ayrılıqlarının həlli üçün konstruktiv yanaşmanın önəmi vurğulanıb, bu istiqamətdə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə İşçi qrupunun fəaliyyətindən bəhs edilib.

Görüşdə tərəflər parlamentlərarası əlaqələrin genişləndirilməsi, əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi kimi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.