logo

Bayden-Putin zirvə görüşünün yeri müəyyənləşib

14:49 10-06-2021 | icon 4396
Bayden-Putin zirvə görüşünün yeri müəyyənləşib

ABŞ prezidenti Cozef Bayden və Rusiya lideri Vladimir Putin arasında danışıqlar iyunun 16-da Cenevrə şəhərinin “La Grange” parkında yerləşən eyniadlı villada baş tutacaq.

YeniAvropa xəbər verir ki, bu barədə "Interfax" informasiya agentliyi İsveçrənin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

“İsveçrə sammitin keçirilməsi üçün Cenevrə şəhərini seçməklə ölkəyə göstərilən etimada görə hər iki dövlətə minnətdarlığını bildirir”, - deyə xarici siyasət idarəsinin “Twitter” səhifəsində bildirilib.

İyunun 8-dən Cenevrədə ABŞ və Rusiya liderlərinin görüşü üçün aktiv hazırlıq işləri başlayıb. Sammitlə əlaqədar olaraq ziyarətçilər üçün bağlanan “La Grange” parkında təhlükəsizlik tədbirləri tədricən gücləndirilir və ətrafa hasar çəkilir. Hava hücumundan müdafiə sistemləri və radarların parkın yaxınlığındakı Cenevrə gölü sahillərinə yerləşdiriləcəyi planlaşdırılır.

Yerli KİV-lərin məlumatına görə, Cozef Baydenin yerləşmə ehtimalı olan “Intercontinental Hotel” ətrafında antena və xüsusi texnika ilə təchiz olunan zirehli maşınlar görünür. Bu vasitələr ABŞ prezidentinin təhlükəsizliyini təmin etməlidir.

Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden və Rusiya lideri Vladimir Putin arasında görüş iyunun 16-da Cenevrə şəhərində keçiriləcək. Danışıqlarda ABŞ-Rusiya münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri, strateji sabitlik, həmçinin koronavirus pandemiyası ilə mübarizədə qarşılıqlı fəaliyyət də daxil olmaqla gündəlikdə duran beynəlxalq məsələlər müzakirə olunacaq. Bu, Cozef Baydenin ABŞ Prezidenti postuna seçildikdən sonra Vladimir Putinlə ilk şəxsi görüşüdür. Danışıqlar zamanı hər hansı bir sənədin imzalanması planlaşdırılmır.

Qeyd edək ki, XVIII əsrdə tikilən “La Grange” villası Cenevrə gölü sahilində mənzərəli yerdə, 21 hektarlıq ərazidə yerləşir.