logo

Pakistan prezidenti Arif Alvi Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib

12:59 04-06-2021 | icon 5362
Pakistan prezidenti Arif Alvi Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib

İyunun 4-də Pakistan prezidenti Arif Alvi bu ölkədə rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Milli Məclisinin sədrini və parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnunluğunu ifadə edən Pakistan prezidenti Arif Alvi onun salamlarını prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Bildirib ki, dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütməsinə görə indiyədək bu ölkəni tanımayıb. Pakistan Prezidenti Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb. Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq.

Səmimi qəbul və Azərbaycan haqqında xoş sözlərə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova prezident İlham Əliyevin də salamlarını Pakistan prezidentinə çatdırıb.

Bu səfərin Milli Məclisin sədri kimi Pakistana ilk rəsmi səfəri olduğunu deyən Sahibə Qafarova burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Bildirib ki, prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanla Pakistanın bir-birinə qarşılıqlı dəstəyi əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir.

Ölkələrimiz İƏT PA ilə yanaşı, digər beynəlxalq təşkilatlar çərçivəsində də çox səmərəli əməkdaşlıq edirlər. Pakistan prezidentinin 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının 18-ci Zirvə toplantısı çərçivəsində ölkəmizə səfərini xatırladan spiker diqqətə çatdırıb ki, bu günədək ölkələrimiz arasında müxtəlif sahələrdə imzalanmış hüquqi sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir. Bu xüsusda 2015-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir.

Milli Məclisin sədri bildirib ki, iqtisadi və ticari əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanlar var. Humanitar sahədə əməkdaşlığın davamlı inkişafına xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda həyata keçirilən sosial-humanitar layihələrə görə də Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva 2015-ci ildə Pakistanın ali ordeni olan "Hilal-e Pakistan" ilə təltif olunub.

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın şanlı Zəfərindən danışan Sahibə Qafarova bildirib ki, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi ilə Dağlıq Qarabağ münaqişəsi birdəfəlik tarixə qovuşub.

Xocalı soyqırımını, saysız-hesabsız müharibə cinayətlərini törədən Ermənistan işğalçıları kapitulyasiya aktına imza ataraq acı məğlubiyyətlə barışmalı oldular. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərimizdən çıxarılmasına dair 4 qətnaməni özü yerinə yetirib.

Sahibə Qafarova deyib ki, indi isə Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazilərində yeni dövr başlayıb – genişmiqyaslı bərpa və yenidənqurma dövrü. Lakin münaqişə başa çatsa da, bəzi problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan işğaldan azad olunmuş ərazilərimizə terrorçu dəstələr göndərir, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, sərhədlərin delimitasiyasına mane olur.

Sədr qardaş Pakistan hökuməti və parlamenti tərəfindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verilən qətiyyətli dəstəyə, o cümlədən Pakistan xalqı tərəfindən nümayiş etdirilən mənəvi köməyə görə minnətdarlığını bildirib.

Qeyd edib ki, Pakistan parlamentinin keçmiş Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı barəsində qəbul etdiyi bir sıra qətnamə və bəyanatlar da bu dəstəyin önəmli hissəsidir. Pakistan parlamentinin Vətən müharibəsi dövründə də prinsipial mövqeyini birmənalı şəkildə ifadə etməsi Azərbaycanda yüksək qiymətləndirilir.

Bildirib ki, hər iki ölkənin parlamentində fəal işgüzar əlaqələr saxlayan, müxtəlif məsələlər üzrə dəstəyini ifadə edən dostluq qruplarının fəaliyyət göstərməsi ali qanunverici orqanlarımız arasında əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

Sonra görüşdə digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

0-1-2_1

Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova qardaş ölkənin prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib və kitabdakı materiallar barədə Pakistan prezidentinə məlumat verib.