logo

Bakıda erməni hərbi cinayətkarların məhkəməsi başlayıb

11:29 02-06-2021 | icon 3871
Bakıda erməni hərbi cinayətkarların məhkəməsi başlayıb

İyunun 2-də Yasamal rayon Məhkəməsinin inzibati binasında Qarabağda həbs edilən erməni cinayətkarları, Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılara ağır işgəncələr vermiş və onları qətlə yetirmiş Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb.

YeniAvropa xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərlə bağlı anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə iclasının iyunun 9-da davam etdirilməsi barədə qərar qəbul olunub.

İctimaiyyətə açıq və şəffaf şəkildə keçirilən hazırlıq iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, vətəndaş cəmiyyətinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın acı məğlubiyyəti ilə nəticələnmiş Qarabağ savaşı beynəlxalq humanitar normalarını kobud şəkildə pozaraq insanlıq, müharibə cinayətləri törətmiş və uzun illər ərzində havadarlarının dəstəyi ilə istintaqdan qaçıb gizlənmiş şəxslərin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsinə imkan yaradıb.

Məlum olduğu kimi, Ermənistan Respublikasının rəhbərliyinin qanunsuz göstərişləri ilə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altındakı ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

İstintaqla müəyyən olunub ki, Ermənistan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyulunda Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürülərək azadlığı qanunsuz olaraq məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 1999-cu il sentyabrın 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyənləşdirilib.

Lüdvik Mkrtiçyan 2020-ci il oktyabrın 20-də Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılmış istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyan ilə birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyənləşdirilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprelində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illərdə əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi qaydada döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 2020-ci il oktyabrın 3-də Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyənləşdirildiyindən onlara həmin maddələr üzrə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə ittiham aktı mayın 20-də təsdiqlənərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.