logo

Minksdə MDB Hökumət başçıları Şurasının iclası keçirilib

15:58 28-05-2021 | icon 7042
Minksdə MDB Hökumət başçıları Şurasının iclası keçirilib

Mayın 28-də Minskdə MDB Hökumət Başçılarının növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda Azərbaycanın baş naziri Əli Əsədov iştirak edib.

Tədbir iştirakçıları Minskdə Qələbə abidəsinin önünə əklillər qoyublar.

Sonra Minskdəki “Prezident” otelində MDB Hökumət başçılarının növbəti iclası başlayıb. Əvvəlcə nümayəndə heyətinin başçıları məhdud formatda görüşərək MDB çərçivəsində iqtisadi sahədə qarşılıqlı fəaliyyətə dair aktual məsələləri müzakirə ediblər.

Geniş tərkibdə iclasda infeksion xəstəliklərə qarşı mübarizə, MDB ölkələri ərazilərinin sanitar mühafizəsi, eləcə də Birlik ölkələri əhalisinin məşğulluğu məsələləri nəzərdən keçirilib.

Saxta əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadə hallarının qarşısının alınması və onların aradan qaldırılması, dabaq xəstəliyinin profilaktikası və onunla mübarizə, həmçinin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondlaşdırılması sahəsində qarşılıqlı fəaliyyət məsələlərində əməkdaşlığı reqlamentləşdirən sənədlər imzalanıb.

İclasda dövlət maddi ehtiyatlarının idarə edilməsini həyata keçirən dövlət (icra) hakimiyyəti orqanlarının 2030-cu ilədək Əməkdaşlıq Konsepsiyası təsdiqlənib, Silahlı Qüvvələrin zabitlərinin operativ-strateji hazırlığı sahəsində baza təşkilatı barədə qərarlar imzalanıb. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası baza təşkilatı kimi təsdiqlənib.

Hökumət başçıları MDB orqanlarının fəaliyyətinə dair bir sıra kadr qərarlarını qəbul ediblər. Leonid Anfimov MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini, Beketcan Jumaxanov, İlxom Nematov və Denis Trefilov müavinləri, Vladimir Sokolin MDB-nin Statistika Komitəsinin sədri seçiliblər.

MDB Hökumət başçıları Şurasının növbəti iclasının 2021-ci il noyabrın 12-də Bişkekdə keçirilməsi barədə razılıq əldə edilib.