logo

Azərbaycanın "İnterpol"la axtardığı  şəxs Ukraynadan ekstradisiya olundu

13:15 11-05-2021 | icon 4921
Azərbaycanın "İnterpol"la axtardığı  şəxs Ukraynadan ekstradisiya olundu

Azərbaycan Respublikasının Baş Prokurorluğu milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən, Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycanda cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya olunması barədə sorğu edib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Şamaxı rayon Polis Şöbəsinin istintaq bölməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ömərzadə Zahid Xandadaş oğlunun 2014-2015-ci illər ərzində ayrı-ayrı şəxslərdən onları müxtəlif işlərə düzəltmək adı ilə xeyli miqdarda pul vəsaitini alaraq etibarlarından sui-istifadə edib aldatma yolu ilə dələduzluq etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Zahid Ömərzadə barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin olunub və Zahid Ömərzadə mayın 11-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.