logo

Bədii gimnastlarımız Bakıda keçirilən dünya kubokunda bir medal qazanıb

20:19 09-05-2021 | icon 3192
Bədii gimnastlarımız Bakıda keçirilən dünya kubokunda bir medal qazanıb

Mayın 9-da Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub. Azərbaycan millisi turniri 1 medalla başa vurub.

YeniAvropa xəbər verir ki, "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan yarışın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, qrup hərəkətləri komandaları isə 5 top, 3 halqa və 2 cüt gürzlə final mərhələlərində güclərini sınayıblar.

Fərdi gimnastların halqa ilə yarışında İsrail təmsilçisi Linoy Aşram 27,150 xalla birinci olub. Rusiya idmançısı Lala Kramarenko 26,850 xalla yarışı ikinci, belaruslu Alina Harnasko (26,600 xal) isə üçüncü pillədə başa vurublar.

İtaliya idmançısı Aleksandra Acurcukukuleze dünya kuboku yarışlarında fərqlənib. Belə ki, italiyalı idmançının top ilə çıxışı hakimlər tərəfindən 26,350 xalla qiymətləndirilib və bu da qızıl medal üçün yetərli olub. Eyni - 26,100 xala malik Rusiya təmsilçisi Daria Trubnikova və Boryana Kaleyn (Bolqarıstan) ilk üçlükdə yer alıblar.

İsrail təmsilçisi Linoy Aşram turnirdə ikinci qızıl medalını qazanıb. Fərdi gimnastların gürzlər ilə yarışında İsrail təmsilçisi 27,800 xalla birinci olub. Bolqarıstan idmançısı Boryana Kaleyn 27,400 xalla yarışı ikinci, rusiyalı Lala Kramarenko (27,150 xal) isə üçüncü pillədə başa vurublar.

Azərbaycan təmsilçisi Zöhrə Ağamirova dünya kuboku yarışlarında dördüncü olub. Fərdi gimnastların lent ilə yarışında təmsilçimiz hakimlərdən 21,400 xal alıb. Yarışın qalibi 24,300 xalla bolqarıstanlı Boryana Kaleyn olub. Onun komanda yoldaşı Katrin Taseva 21,500 xalla bürünc medal qazanıb. Belarus təmsilçisi Alina Harnasko 23,450 xalla gümüş medala sahib olub. Azərbaycanın qrup hərəkətləri komandası dünya kuboku yarışlarında bürünc medal qazanıb. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın 5 topla çıxışı 44 xalla qiymətləndirilib. Yarışın qalibi Bolqarıstan komandası olub. Onların aktivində 45,600 xal var. İtaliya gimnastları 44,500 xalla yarışı ikinci pillədə başa vurublar.

Bolqarıstanın qrup hərəkətləri komandası 3 halqa və 2 cüt gürzlə yarışda birinci olub. Bolqarıstanlı gimnastların çıxışı hakimlər tərəfindən 43,150 xalla qiymətləndirilib. İlk üçlüyü İtaliya (41,900 xal) və Belarus (39,850 xal) komandaları qapayıblar. Azərbaycanın qrup hərəkətləri komandası isə 37,600 xalla beşinci olub.

Dünya kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edib.