logo

Bakıda IV Azərbaycan-alman-türk tibb konqresi keçirilir

15:05 26-04-2018 | icon 4536
Bakıda IV Azərbaycan-alman-türk tibb konqresi keçirilir

Aprelin 26–da Bakıdakı “Monolit Plaza” hotelində cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə IV Azərbaycan-alman-türk konqresi öz işinə başlayıb.

YeniAvropa xəbər verir  ki,  Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konqresin işində Almaniya, İsveçrə, Avstriya, Türkiyə, Rusiya, Özbəkistan və Ukraynanın müxtəlif universitet klinikalarında çalışan 30 nəfərə yaxın professor ekspert və referent qismində iştirak edir.

1-2

Konqresin ilk günü böyük azərbaycanlı alim-cərrah, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə və anadan olmasının 90 illiyinə həsr edilib. Qeyd edilib ki, respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açıb.

Tədbirdə çıxış edən Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, Azərbaycan-alman-türk tibb konqresinin Azərbaycan tərəfindən prezidenti, professor Qurbanxan Müslümov bildirib ki, Bakıda artıq dördüncü dəfə təşkil edilən bu konqres ümumi və laparoskopik cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya, reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa mərkəzləri tərəfindən Davamlı Tibb Təhsili verən beynəlxalq tədbir kimi tanınmış və bu il region ölkələrində ilk dəfə 30 CME kredit balı ilə qiymətləndirilib. Həmçinin bu il Konqres və təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq 34 Davamlı Tibb Təhsili balı ilə qiymətləndirilib. “Ötən illərdə olduğu kimi, bu il də maraqlı diskussiyalar və çıxışlarla yanaşı, azərbaycanlı, alman və türk mütəxəssisləri tərəfindən laparoskopik və açıq cərrahiyyə, endoskopiya və radiologiya üzrə treninqlər keçiriləcək. Söz yox ki, bu da mütəxəssis hazırlığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Konqres zamanı dünya səviyyəli alimlər tərəfindən Azərbaycandan və xarici ölkələrdən gəlmiş 800 nəfərə yaxın konqres iştirakçılarına tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunacaq, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, aktual problemlər ətrafında diskussiyalar aparılacaq və azərbaycanlı mütəxəssislərin Avropadan və Türkiyədən gəlmiş yüksək ixtisaslı mütəxəssislərlə canlı bilik və təcrübə mübadiləsi baş tutacaqdır”, - deyə Q.Müslümov bildirib.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsgrab, İsveçrənin ölkəmizdəki səfirinin müavini Simon Haeberli, kongresin Almaniya və Turkiyə tərəfindən prezidentləri Mikael Gebel və Fatih Can, Səhiyyə Nazirliyinin Baş onkoloqu Azad Kərimli və digərləri çıxış edərək konqresin işinə uğurlar arzulayıblar, mütəxəssis hazırlığı və təcrübə mübadiləsi baxımından bu beynəlxalq tədbirin faydalı olacağını bildiriblər. Diqqətə çatdırılıb ki, həmçinin konqres ölkələrimiz və xalqlarımız arasında mədəni və sosial əlaqələrin dərinləşdirilməsinə də töhfə verəcək. Vurğulanıb ki, konqres təkcə Azərbaycan üçün deyil, ümumilikdə Avropada tibbin inkişafı, tibbi biliklərin mübadiləsi və yeni istiqamətlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Konqreslə eyni zamanda beynəlxalq statuslu III Bakı Beynəlxalq Tibbi Təlim Günləri də keçirilir. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün 12 ixtisas üzrə (laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, urologiya, ginekologiya, histeroskopiya, kardiopulmonar reanimasiya, EKQ kursu, tibb bacıları üçün tibbi vərdişlər kursu və s.) Avropada tanınmış Davos Tibb Kursları və digər proqramlar əsasında beynəlxalq səviyyəli təlimlər təşkil ediləcək. Təlimlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılacaq.

Konqres və təlimlərdə iştirak edənlərə beynəlxalq səviyyəli sertifikatlar veriləcək.

IV Azərbaycan-alman-türk tibb konqresi işini aprelin 29-da başa çatdıracaq.