logo

Baş Prokurorluq Xalidə Bayramovanın əməllərini araşdırır

14:59 04-05-2021 | icon 4200
Baş Prokurorluq Xalidə Bayramovanın əməllərini araşdırır

Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı Xalidə Bayramovanın vəzifə səlahiyyətlərindən istifadə edərək, Səbail rayonu ərazisində yerləşən 1 saylı şəhər poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq, bu barədə tibbi sənədin verilməsini tələb etdiyi müəyyən olunub.

Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanununun 23-cü maddəsinə əsasən, Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib.